Ötən əsrin 90-cı illərinin əvvəlllərində ölkəmizdə xaos, anarxiya hökm sürürdü. Həmin vaxt xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Prezident kimi fəaliyyətə başlayan kimi ordu qurculuğunu dövlətin prioritet məsələsi olduğunu elan etdi.
Ümummilli lider Heydər Əliyev 1993-cü il 2 noyabr tarixində dövlət televiziyası ilə xalqa müraciət edib, hamını birliyə, torpaqlarımızı işğaldan azad etməyə səslədi. Ulu Öndər sonrakı çıxışlarında da bu ali məqsədi bir daha bəyan etdi: "Bizim məqsədimiz Azərbaycanın işğal olunmuş torpaqlarının erməni silahlı qüvvələrindən təmizlənməsi, azad edilməsidir. Bizim məqsədimiz yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz evinə, obasına qayıtmasıdır. Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün tamamilə təmin olunmasıdır. Mən inanıram, inanıram ki, biz buna nail olacağıq."
Ulu öndər Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında (9-10 aprel 1994-cü il) çıxışında da Azərbaycan xalqının öz müstəqilliyini, milli azadlığını qoruyub saxlaması üçün güclü ordumuzun vacibliyini qeyd edirdi. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu hesab edirdi.
Həzi Aslanov adına Bakı ümumqoşun komandirləri məktəbində keçirilən təntənəli mitinqdə (9 may 1994-cü il) çıxışı zamanı Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolundan söz açarkən demişdi: "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın təcavüzə məruz qaldığı bir vaxtda Həzi Aslanov Azərbaycan xalqı üçün, ordumuz üçün, gənclərimiz üçün böyük örnəkdir, nümunədir. Mən bu gün Həzi Aslanov adına məktəbin kursantları qarşısında çıxış edərkən ilk növbədə hamınızın Həzi Aslanova bənzəməyinizi arzu edərdim. Hər biriniz xalqımızı, Vətənimizi Həzi Aslanov kimi sevməlisiniz. Hər biriniz hərbi peşəni Həzi Aslanov kimi mənimsəməlisiniz. "
Ümummilli lider Heydər Əliyev “Respublika Günü”nə həsr olunmuş təntənəli yığıncaqda nitqində (Respublika sarayı, 27 may 1994-cü il) bildirirmişdi ki, “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir.”
Ulu öndər dövlətin qüdrətini xalqla dövlətin birliyində görürdü. Səudiyyə Ərəbistanına- Müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarətdən sonra Bakıda Təzəpir Məscidində din xadimləri ilə görüşdə (29 iyul 1994-cü il) etdiyi çıxışda da ordu quruculuğu məsələsinə xüsusi diqqət yetirmişdir.
“Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” - deyən Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı. Xalq içərisində əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi.
Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqində (8 oktyabr 1994-cü il), istərsə Hərbi xidmətdən yayınmış, fərarilik etmiş və digər hərbi cinayətlərtörətmiş şəxslərin valideynləri ilə keçirilən görüşdə çıxışından (Prezident Sarayı, 18 oktyabr 1995-ci il) dövlətimizin sülhsevər olduğunu, torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyimizi bir daha dilə gətirdi. Bunu Azərbaycan xalqının ali məqsədi olduğunu bildirdi. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün isə güclü ordumuzun olmasını başlıca şərt kimi qeyd etmişdir.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı qəbul etdiyi mühüm qərarlar, silahlı qüvvələrin dövlətin tam nəzarətinə keçməsi Qarabağ cəbhəsindəki vəziyyətə müsbət dinamika gətirə bildi. Xalqımızın Ümummilli Liderinə inam əsgər və zabitlərimizə fiziki-mənəvi güc verdi, Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, ordumuz cəbhədə təşəbbüsü ələ aldı. 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarının nəticəsiz qaldığını görən düşmən qısa müddətdə ordumuzun gücü qarşısında atəşkəsə razılıq verməli oldu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ciildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda nitqində (Şəhriyar adına Mədəniyyət Mərkəzi. 7 oktyabr 1996-cı il), Naxçıvan Hərbi Qarnizonunun əsgər və zabitləri ilə görüşündə nitqində (30 oktyabr 1996-cı il) möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmasının vacibliyini vurğulamışdı və əminliyini bildirmişdi ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır.
Heydər Əliyev bildirirdi ki, orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Ulu öndər Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə nitqində (25 avqust 2001-ci il) demişdir: "Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın.”
Ümummilli lider Heydər Əliyev çıxışlarında inamla söyləyirdi ki, bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir.
Ulu öndər Heydər Əliyevin o vaxtlar söylədiyi fikirlər öz təsdiqini tapdı. Əsasını qoyduğu, formalaşdırdığı ordunu Prezident İlham Əliyev daha da möhkəmlətdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı mənfur ermənilərdən azad etdi.
Ulu öndər Heydər Əliyevin ordumuz haqqında söylədiyi
fikirlərdən nümunələr:
“Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin dayağıdır."
"Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!”
“Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”.
“Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik!”
“Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətəni qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edibdir”
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”
“Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlamış, bu yolda böyük məhrumiyyətlərə düçar olsa da, qurbanlar versə də mətin iradəsi sarsılmamışdır”.
“Xalqımız əsrlər boyu həmişə öz torpağını qoruyub, öz milli azadlığını, qürurunu müdafiə edib və bu gün də müdafiə etməyə qadirdir”.
“Hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü edir, çətinlikləri aradan qaldırmaq keyfiyyəti aşılayır”.
“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.