26 Fevral - Xocalı soyqırımı günü


“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
Heydər Əliyev
Azərbaycanın Ümummilli Lideri
“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti
XOCALI SOYQIRIMI – BƏŞƏRİ CİNAYƏT
Bəşər tarixində elə ağrı-acılı, qanlı-qadalı hadisələr yaşanıb ki, zaman onları bu gün də unutdura bilmir- Xocalı müsibəti kimi!
..İşğala qədər Xocalı öz sakit, ortabab bir rayon həyatını yaşayırdı. Əslində bu sakitlik zahiri göstərici idi. Xocalıların daxilində bir gərginlik, həyəcan, nigarançılıq baş qaldırmaqda idi...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Aylarla mühasirə şəraitində yaşamış Xocalı şəhəri erməni qaniçənləri və onların himayədarları tərəfindən yerlə bir edildi. Dinc əhaliyə bənzəri olmayan amansızlıqla divan tutuldu. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib. 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır). 1275 insan əsir götürülüb,1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
İŞĞAL NƏTİCƏSİNDƏ XOCALI ŞƏHƏRİ XARABALIĞA ÇEVRİLMİŞDİR
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində soyqırımı Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi idi.   Düşmən bu qətliamı törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdi.
1994-CÜ IL FEVRALIN 24-DƏ MİLLİ MƏCLİS “XOCALI SOYQIRIMI GÜNÜ HAQQINDA” QƏRAR QƏBUL ETDİ
Xocalı soyqırımının dünyaya tanıdılması üçün çox böyük işlər görüldü. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdandan sonra Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət verildi, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 26 fevral Ümumxalq Hüzn Günü elan olundu.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir ki, bunun da hər biri Xocalı Soyqırımında soydaşlarımıza qarşı törədilmişdir.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etmək siyasətinin əsasını təşkil edir.
Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırım kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunədir.
XOCALI SOYQIRIMININ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI
“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”,- deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən yüksək beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb edib, dünya dövlətlərini erməni faşizminə biganə qalmamağa çağırıb.
Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi; Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması; Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması idi.
https://justiceforkhojaly.org/
Xocalı vəhşilikləri haqqında xarici jurnalistlərin yazılarında isə   Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”,    Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”, Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”başlıqlı məqalələr yer alıb.
 Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir, Tayms qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır, İzvestiya (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”, Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır” R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” və s. reallıqlar əks olunur.
MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSUNUN QƏHRƏMANLIĞI SAYƏSİNDƏ XOCALI ŞƏHİDLƏRİNİN QANI YERDƏ QALMADI
Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya parlamentləri, eləcə də ABŞ-ın xeyli ştatı Xocalı soyqırımını tanıyıb.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Eyni zamanda, biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil. Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Hər bir vətəndaş Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi və nəticə qələbə oldu. Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramıza qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  2024-cü il fevralın 26-da olan tarixi səfərində  Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub. Görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulub. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli Fərmanı (https://e-qanun.az/framework/56650).
2024-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Bildirildi ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.
2024-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş xocalıların, eləcə də xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu.
Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də olan tarixi səfərində Xocalı Hava Limanında olub.
Region üçün böyük strateji əhəmiyyətə malik olan Xocalı Hava Limanı dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin    2024-cü il sentyabr ayının 19-da olan tarixi səfəri   zamanı Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az