Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər


Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin milli maraqlarla bağlı qətiyyətli mövqeyi, müstəqil siyasət yürütməsi beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradıb. Azərbaycanla Gürcüstanın qarşılıqlı faydalılıq prinsipinə söykənən strateji tərəfdaşlığı, mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri hər iki ölkəni Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın sarsılmaz nümunəsinə çevirib.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında Gürcüstanın Baş naziri ilə müntəzəm xarakter alan görüşlərindən məmnunluğunu qeyd edib və Bakıda keçirilən COP29 konfransında iştirak etdiyinə görə ona bir daha təşəkkürünü bildirib. 
Dövlət başçısı dost ölkənin Baş nazirinin 10 ay ərzində Azərbaycana üçüncü səfərini özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunun göstəricisi kimi dəyərləndirib. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra onun ilk xarici səfərini ölkəmizə etməsini xüsusi qeyd edən Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbriklərini çatdırıb. 
Bəyanatlarda qeyd olunub ki, hər iki xalqı əsrlərin sınağından çıxmış dostluq, mehriban qonşuluq, qardaşlıq bağları birləşdirir. Bu ənənələrin bu gün də yaşaması, ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etməsi dostluq münasibətlərinin sarsılmazlığının əyani sübutudur. 
Prezident İlham Əliyev çıxışında ikitərəfli əlaqələr sistemində iqtisadi sahədə qazanılan uğurlara diqqət çəkib, yaxşı nəticələrə nümunə olaraq bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Qonşu ölkənin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, ölkədə çox müsbət sərmayə iqliminin yaradılması bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Dövlət başçısı İlham Əliyev çıxışında iki ölkə arasındakı energetika sahəsindəki əməkdaşlığı  həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir və bu, beynəlxalq əhəmiyyətli mühüm faktdır. Bu gün Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi- ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. 
Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqların mövcudluğu getdikcə təbii qazın ixracının artması perspektivini şərtləndirir və bu, hər iki ölkə üçün yeni iqtisadi artımlar vəd edir. İki ölkənin birlikdə həyata keçirdikləri yaşıl enerji layihələri də   uğurla icra edilir.
Orta Dəhliz layihəsində də Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. İki dost ölkə Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Bəyanatlarda qeyd olunub ki, dünyada cərəyan edən proseslərin və qlobal hadisələrin ölkələrimizə təsiri var. Bu səbəbdən də Azərbycan və Gürcüstan hər bir çağırışla bağlı birlikdə çalışmalıdır. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bu sabitliyi təmin etmək üçün maksimum birgə səy göstərilməlidir.
Dövlətimizin başçısı çıxışında ikitərəfli əlaqələr sistemində daha bir sahəyə diqqət çəkib. Nəqliyyat infrastrukturunun hər iki ölkədə genişləndirilməsi, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması  layihələrinin paralel reallaşdırılması ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər deməkdir. 
Azərbaycanla Gürcüstanın nümayiş etdirdikləri birlik, bərabərlik, həmrəylik hər iki dövlətin müstəqil inkişaf və milli təhlükəsizlik konsepsiyasından çıxış etməsi, bölgəni öz geosiyasi maraqlarının döyüş meydanına çevirmək istəyən qüvvələrin növbəti dəfə məğlubiyyətə düçar olması kimi də qiymətləndirilə bilər.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

  • 27.12.2024, 09:49 "HƏR ŞEY YAXŞI OLACAQ!"
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az