1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların ötən əsrin 80-ci illərinin sonlarında Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyaya məruz qaldıqları vaxtdan başladı. Elə həmin illərdə də Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri geniş vüsət aldı.
Azərbaycan xalqının erməni təcavüzünə, seperatizmə etirazı 1990-cı ilin yanvarında Sovet qoşunlarının ölkəmizə yeridilməsi, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla nəticələndi.
Bu qanlı cinayət öncədən planlaşdırılmışdı. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantlarının da daxil edilməsi bu çirkin planın tərkib hissəsi idi.
Həmin vaxt respublikamızda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilmədi.
1990-cı ilin yanvar ayının 20-nə keçən gecə SSRİ-nin o dövrki rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə, ağır texnikadan və iriçaplı silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirdilər.
Keçmiş sovet qoşun hissələrinin Bakıya yeridilməsi xüsusi qəddarlıqla müşayiət olundu,- 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.
1990-cı ilin 20 Yanvar faciəsindən 35 il keçir. Bu tarix xalqımızın yaddaşında həm qanlı faciə, həm də müstəqillik yolunda əzmkarlıq və yenilməzlik nümunəsi kimi xatırlanır. Həmin tarix çox həqiqətlərə şahidlik etdi. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
Həmin tarixin ən unudulmaz məqamı isə bu oldu ki, Ulu Öndər Heydər Əliyev xalqımızın bu ağır günlərində imperiyanın mərkəzində- Moskva şəhərində böyük cəsarətlə, əsl vətənpərvərlik hünəri ilə 20 Yanvar faciəsinə ilk olaraq qəti etirazını bildidi, bu qanlı cinayətə siyasi qiymət verərək, SSRİ rəhbərliyini ittiham etməkdən belə çəkinmədi. Faciədən dərhal sonra-1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi.
Bundan 4 il sonra, 1994-cü ilin mart ayının 29-da yenə də Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Milli Məclisin həmin qərarında qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Milli Məclisin qəbul etdiyi Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə hazırda 600 manat təqaüd verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.
Prezidentin aylıq təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, habelə həmin vaxtdan əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub.
Ötən altı il ərzində icra olunan sosial islahat paketləri çərçivəsində həmin ödənişlərin də artırılması təmin edilib və Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün, habelə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 3 dəfədən çox artıb.
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir
Azadlıq carçılarının xatirəsinə ucaldılan abidə kompleksləri də qəhrəman vətən övladlarına böyük ehriram və diqqətin ifadəsidir. Bütün bunlar göstərir ki, dövlətimiz müstəqillik, azadlıq yolunda canlarından keçənlərin xatirəsini daim uca tutur, onların ailəlirinin rifah halının daha da yüksəldilməsi qayğısına qalır.
Ölkəmizin tarixinin bu şanlı səhifəsi dünya azərbaycanlılarının təşkilatlanmasında, milli kimliyimizin formalaşmasında müstəsna rol oynadı, xalqımızın qəlbində, şüurunda azadlığın və müstəqilliyin şirinliyini, şərəfini, bu yolda cəsarətin, dönməzliyin ucalığını həmişəlik həkk etdi.
1990-cı ilin qanlı Yanvar faciəsindən 35 il ötür. Bu illər xalqımızı daha da mətinləşdirdi, səfərbər etdi, onu Respublika Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında daha da sıx birləşdirərək Böyük Zəfərə çatdırdı.