“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” - Ulu Öndər Heydər Əliyev (8 dekabr 2002-ci il)
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN GƏNCLƏR SİYASƏTİ
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da gənclər siyasətinə xüsusi önəm verməsi məhz bu zərurətə əsaslanırdı. Ümummilli Lider hər zaman gəncliyə böyük ümidlər bəsləyirdi. Azərbaycan gələcəyinin gənclərin əlində olduğunu vurğulayırdı. Sağlam düşüncəli gəncliyin bu ümidləri doğruldub vətənin gələcəyinə sahib çıxa bilməsindən ötrü onlara diqqət və qayğısını heç bir zaman əsirgəmirdi.Bu böyük diqqət adamı fərqində idi ki, istənilən liderin gəncliyə ən böyük töhfəsi onların təhsil almasına, fərdi inkişafına kömək göstərməkdir. Ona görə də Heydər Əliyev Azərbaycana hələ birinci rəhbərliyi dövründə onlarca yeni ali və orta ixtisas təhsili müəssisələri yaratmışdı.
Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın ən aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilməsi də hər zaman rəğbətlə xatırlanan tarixdir. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir;
Müstəqil Azərbaycana rəhbərlik illərində də Heydər Əliyevin sağlam və sarsılmaz dövlətçilik ideologiyasının davamlılığında gənclər siyasəti daim ön sıralarda dururdu. O, gəncləri ölkənin ictimai-həyatında aktiv olmağa çağıraraq, yaxın gələcəkdə daha da dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını gəncliyə göstərilən etimadda görürdü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini və ümumi fəaliyyətə cəlb edilməsini mühüm vəzifə kimi irəli sürürdü.
1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Ulu Öndər gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi fəaliyyətə başladı.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, hər bir gəncin Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün çalışmalı və öz xidmətlərini göstərməli olduğunu bildirirdi.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.
PREZİDENT İLHAM ƏLİYEVİN GƏNCLƏR SİYASƏTİ
“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.” – Prezident İlham Əliyev (2 fevral 2022-ci il)
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir. Məhz dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclik hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri dövlətin məhz sabaha, gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərlə olan münasibətini belə qeyd edir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Dövlətimizin başçısı gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
Sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsinə Bakı ev sahibliyi etdi. Müsabiqə Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutmuşdur. 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmiş, Avropa gənclərinin diqqəti Azərbaycana yönəlmişdir.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24 fevral 2016-cı ildə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında“ Sərəncam vermişdir. Sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqillik dövründə cəmiyyət həyatının bütün sahələrində qazanılmış uğurlar gənclər qarşısında yeni imkanlar açmış, onların fiziki, intellektual və mənəvi potensialının gücləndirilməsi, innovativ ideya və təşəbbüslərinin reallaşdırılması, sosial problemlərinin həlli və ictimai fəallığının artırılması yönündə ardıcıl tədbirlərin həyata keçirilməsini mümkün etmişdir. Təqdirəlayiq haldır ki, gənclərimiz xaricdəki həmyaşıdları ilə geniş əlaqələr quraraq beynəlxalq platformalarda da geniş təmsil olunur, ölkəmizin tanıdılması və milli maraqlarımızın qorunması işinə dəyərli töhfə verirlər.
Dövlətimizin inkişafı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanda gənclərin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.
Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. 2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.
Gənclərin rifahına xidmət edən əsas Dövlət Proqramları. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir:
“Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”;
Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Ölkəmizdə vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasının nəticəsi idi ki, Ali Baş Komandanın bir çağırışı ilə yüz minlərlə gəncimiz Vətən torpaqlarının müdafiəsinə qoşuldu və cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı düşmən işğalından həmişəlik xilas etdi.
"Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik" - Bunu Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində deyib.
Dövlət başçısı bildirib: "Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar."
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015”Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda 21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu Oyunlarda 50 ölkəni təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır.
Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.
Dördüncü sənaye inqilabı təkcə elm və texnikanın inkişafına deyil, həm də cəmiyyətin strukturunun dəyişməsinə, urbanizasiyaya, yeni ixtisasların meydana gəlməsinə böyük təsir göstərir. Hazırda informasiya texnologiyalarının təsiri ilə sənayedə baş verən dəyişikliklər məhsul və xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa kömək edir. “Ağıllı” texnologiyalar, rəqəmsallaşdırma, robotlaşdırma – bütün bu proseslər həyatımıza getdikcə daha güclü daxil olur, onun ayrılmaz hissəsinə çevrilir. İntellektual cihazlar və “ağıllı” evlər, “ağıllı şəhər” və “ağıllı kəndlər” məişəti daha asan, daha rahat etməyə imkan verir. Dünyada sürətlə gedən son sənaye inqilabına Azərbaycanda da dövlət səviyyəsində diqqət ayrılır, bu istiqamətdə zəruri layihələr həyata keçirilir.
Ölkəmizin gələcək sosial-iqtisadi tərəqqisində mühüm rol oynayan təhsil sisteminin inkişafı, yüksək intellektə malik gənc kadrların yetişdirilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi var. İctimai həyatımızın ayrı-ayrı sahələrində Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi layihələr, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasına, respublikamızın sivil dünyaya inteqrasiyasına hesablanıb. Ulu öndərin ideyalarına sadiq qalan, onun əməllərini yaşadan və ideyalarını gerçəkləşdirən Fondun fəaliyyəti ölkə gənclərinin məşğulluğunun təmin edilməsi, onların ictimai-siyasi proseslərdə yaxından iştiraka cəlb olunmasına yönəlmişdir.
“Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı məzunu olub.
2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.
2024-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə, hərbi vətənpərvərlik, milli adət-ənənələr, hüquq, peşə, robototexnika, yaradıcılıq, mühəndislik, məşğulluq, simulyasiya, inklüzivlik və könüllülük kimi əhəmiyyətli sahələri əhatə edən 22 müxtəlif mövzu üzrə, 3 395 gəncin iştirakını təmin edən 43 düşərgə uğurla təşkil olunub.
Gənclərin müxtəlif sahələrdə yaradıcılıq və intellektual potensiallarını inkişaf etdirməyi hədəfləyən “Şahin” hərbi-idman oyunları, “İƏT simulyasiya modeli”, “İstedadların hazırlığı laboratoriyası” VII Beynəlxalq Elm Olimpiadası, “Cəsur kadet” yarışları, “Qızıl şah” Milli Kulinariya Çempionatı, Robot olimpiadası, “Oxu, qazan!” müsabiqəsi, “Şən Gənc” TV layihəsi, “Mən Cazmenəm” Bakı Caz Festivalı, “İdeya var!” gənclərin Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi, “Debat forumları” və müxtəlif intellektual oyunlar həyata keçirilib. Ümumilikdə, 2024-cü ildə 23 844 gəncin iştirakını təmin edən 182 yarış və müsabiqə təşkil olunub.
Lənkəran şəhəri 2024-cü ildə Azərbaycanın “Gənclər Paytaxtı” olaraq, gənclərin inkişafını və sosial fəallığını dəstəkləyən, müxtəlif sahələri əhatə edən 41 tədbirə ev sahibliyi edib. Bu tədbirlər 15 000-dən çox gənci əhatə edib, onların yaradıcılıq, intellektual və fiziki potensiallarının inkişafına mühüm töhfələr verib.
Ekoloji maarifləndirmə və COP29. Əsas məqsədi gəncləri iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etmək olan “Gənc İqlim Elçiləri” proqramı və “İqlim Həftələri” çərçivəsində 45 000 gənci əhatə edərək 625 tədbir təşkil olunub. Ekoloji maarifləndirmə sahəsində həyata keçirilən təmizlik və ağacəkmə aksiyaları nəticəsində isə ümumilikdə 5 592 ağac əkilib.
Noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin COP29 Konfransı çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib.
Gənclərin liderlik və əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək, həmçinin ölkəmizin beynəlxalq arenada tanıdılmasına töhfə vermək məqsədilə, 2024-cü ildə “Bakı qərar verir" Gənclərin I İqlim Danışıqları, "By Youth For Youth" Beynəlxalq Forumu, “Şuşa-İƏT-in Gənclər Paytaxtı” və “Lənkəran - Türk Dünyasının Gənclər Paytaxtı” proqramları çərçivəsində həyata keçirilən 24 beynəlxalq tədbirdə 57 ölkədən 650 iştirakçı, yerli və xarici nümayəndələr, gənclər və könüllülər iştirak edib. Gənclərin beynəlxalq təcrübə qazanmalarına, liderlik bacarıqlarını inkişaf etdirmələrinə və müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq qurmağına imkan yaradan beynəlxalq tədbirlərdə iştirakına dəstək məqsədilə, 20 ölkədə keçirilmiş 30 beynəlxalq tədbirə 301 gənc ezam olunub.
Ölkənin müxtəlif bölgələrində gənclərin sosial inteqrasiyasını və inkişafını dəstəkləmək məqsədilə, "Gənclər Evi" sosial xidmət müəssisələri 4 773 tədbir təşkil edərək 132 639 gənci əhatə edib. Regional Gənclər və İdman İdarələri isə 2 708 tədbir keçirərək 181 942 gəncin fəal iştirakını təmin edib.
Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə, gənclərin cəmiyyətin inkişafına töhfə vermələrini və öz bacarıqlarını daha da inkişaf etdirmələrini təşviq edən 9 mövzu və 31 istiqamət üzrə 74 layihənin reallaşması üçün qrant dəstəyi verilib.
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır". Müstəqil Azərbaycanın çiçəklənməsi, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində gənclərimiz səylə çalışaraq, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizi uğurlu gələcəyə aparan bu siyasətə dəstək verirlər.