Prezident İlham Əliyev: “Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir”


Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev görüşdə çıxış edərək qonaqları salamlayıb. Ölkəmizə dövlət səfərinə gəlmiş Məhəmməd Şahbaz Şərifi qəbul etməkdən çox məmnun olduğunu bildirən dövlətimizin başçısı ötən il Pakistana dövlət səfərini xatırladıb. “Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır” deyən dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən söz açıb. Dövlətimizin başçısı qeyd edib ki, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir: “Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək”.
Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü çərçivəsində mətbuata bəyanatla çıxışı
Bəyanatla çıxış edən dövlətimizin başçısı  dövri təmaslarımızın iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdığından şad olduğunu söyləyib: “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.
Müzakirələrin nəzərəçarpan hissələrinin ticari və iqtisadi sektorlara həsr edildiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında  ticarət dövriyyəsinin  cəmi bir neçə on milyonla ölçüldüyü ilə razı qalmadığını bəyan edib: “ Biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir”.
“Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir”-deyən dövlətimiz başçısı Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır və onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq.
Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrin inkişafında xüsusi diqqət göstərdiyi istiqamətlərdən biri də müdafiə sahəsidir. Bu baxımdan Azərbaycan-Pakistan əlaqələri nümunə göstərilə bilər. İndiyədək iki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində sənədlər imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi istiqamətində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Üç qardaşın-Azərbaycan, Türkiyə və Pakistanın birgə həyata keçirdikləri hərbi təlimlər regionda sülhə, təhlükəsizliyə hədəflənir.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunub: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”.
Mühüm sahə bağlantı və daşımalarla bağlı müzakirələrdən söz aşan dövlətimizin başçısı  Azərbaycanın iştirak etdiyi  Şimal-Cənub və ya Şərq-Qərb layihələri çərçivəsində imzalanmış razılaşmalar haqqında məlumat verdiyini söyləyib: “Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır”.
Prezident İlham  Əliyev   çıxış edərək  qeyd etdi  ki,  bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq." Baş nazir Məhəmməd Şahbaz Şərif isə bəyanatında vurğuladı ki, təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır: "Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq."
Prezidenti İlham Əliyevin Azərbaycan-Pakistan biznes-forumunda çıxışı
Prezident İlham Əliyev  “Şadam ki, Sizin dövlət səfəriniz çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes-forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir”,- deyərək, siyasi sahədə  ikitərəfli münasibətlərimiz müstəsna səviyyəsində olnasında  məmnunluğunu ifadə edib. “Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır”.
Dövlətimizin başçısı  ötən ilin yayında Pakistana səfərini xatırladıb:  “Səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik”.
Dövlətimizin başçısı müxtəlif sahələrdədə əməkdaşlıq məsələlərinə toxunub: “Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, - bu gün bu sahəyə maye qaz daxildir, - əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.
Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.
Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.
Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik”.
İki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, yeni imkanlar yaranır. 
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərinin əhəmiyyətini açıqlayan mühüm amillərdən biri də imzalanan sənədlər oldu. Belə ki, bütün sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi bazanın mövcudluğu özünü daha aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında, həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd bir daha ölkələrimizin iqtisadi əməkdaşlıqda enerji amilinə verdiyi önəmi təsdiqlədi.   “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə imzalandı.  Sənədlərin say tərkibinə diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritet olduğunu görərik. “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu və  “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişi imzalandı. “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi-tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”  da imzalanan çoxsaylı sənədlər sırasındadır.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası  arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.
Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır.
2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi,  2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.
Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir.
Ölkələrimiz arasında son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Mədəni tədbirlər, sərgilər və festival proqramları da mütəmadi olaraq təşkil edilir. Pakistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra mədəni tədbirlər keçirilir. Bakıda və İslamabadda təşkil olunan Pakistan və Azərbaycan mədəniyyət günləri, kino həftələri və incəsənət sərgiləri xalqlarımızın bir-birinin mədəni irsini daha yaxından tanımasına şərait yaradır. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Bu layihələrin miqyası genişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunması,  2015-ci ildə isə Pakistanın ovaxtkı Prezidenti Məmnun Hüseynin  Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair Sərəncamı  həyata keçirilən layihələrin, görülən işlərin  təqdimatıdır.   Heydər Əliyev Fondunun uğurlu layihələri bu gün də davam etdirilir. Bunlar Azərbaycan-Pakistan əlaqələrinin mədəni və humanitar sahədə daha da möhkəmləndirilməsinə böyük töhfədir.
Prezident İlham Əliyevin ötən illərdə Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb etdi.
Səfərlərin tarixinə qısa nəzər salaq.
12 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına rəsmi səfər etmişdir. 13-16 oktyabr  2012-ci il tarixində Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı). 11-14 mart  2015-ci il tarixində Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər etmişdir. 28 fevral - 1 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı).25-26 oktyabr 2019-cu il tarixində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycana işgüzar səfər etmişdir (Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı). 11-12 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfəri etmişdir.
 Hökumət başçılarının qarşılıqlı səfərləri.
5-7 may  2006-cı il tarixində Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı). 14-15 iyun 2023-cü il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdir.13 noyabr 2024-cü il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif COP29 çərçivəsində “İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində iştirak etmişdir. 23 fevral 2025-ci il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfəri etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
3 may 2006-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı).19-21 iyun 2006-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici işlər Nazirlərinin 33-cü Sessiyası);
15-17 may 2007-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri şurasının 34-cü konfransı).
15 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir.
13-16 oktyabr 2012-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri Hina Rabbani Xar Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).
28 fevral-1 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının 13-cü Zirvə Toplantısı). 30 noyabr-1 dekabr 2017-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşü və “Asiyanın ürəyi-İstanbul Prosesi”nin 7-ci Nazirlər Toplantısı).
13-14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin ikinci görüşü).18-19 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədən kənar iclası).
11 oktyabr 2023-cü il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri Cəlil Abbas Cilani İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində Azərbaycana səfər etmişdir;
30 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistanda rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Qafarov Kamaləddin Nəsrəddin oğludur.
Senatda Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Senator Prince Ahmed Omer Ahmedzaidir.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında bu vaxta qədər 50 sənəd imzalanmışdır.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az