1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu, minlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirilməsi, əsir götürülənlərə görünməmiş işgəncələrin verilməsi Azərbaycan tarixinin ən qanlı səhifələrindəndir. Strateji baxımdan çox önəmli bölgədə yerləşən Xocalıda ermənilərin törətdiyi soyqırımı, əslində bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir və bu soyqırımının əsl mahiyyəti ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, Azərbaycan Respublikası Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.
Bu günlər ölkəmizin bütün bölgələrində, o cümlədən Şamaxıda faciənin ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.
Fevralın 23-də Şamaxıdakı Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı” adlı sərgi açılıb, habelə “Xocalı dərsi” sənədli filmi nümayiş etdirilib. Sərgidə soyqırımı ilə bağlı kitablar, qəzetlər və digər nəşrlər, konkret faktlara əsaslanan məlumatlar təqdim olunub.
Qeyd edək ki, fevralın 23-də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Xocalı faciəsi uşaqların gözü ilə” adlı əl işləri və rəsmlərdən ibarət sərgi də açılıb. Sərgidə rəssamlıq şöbəsinin ən fəal 5 şagirdinin 12 əl işi nümayiş etdirilib.