Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edib


Türk Dövlətləri Təşkilatıının fəallaşması bütövlükdə Türk Dünyası ölkələri arasında əməkdaşlığın daha da inkişaf etməsini şərtləndirir. Belə bir səmərəli əməkdaşlığın nümunəsini Qırğızıstanın simasında da görmək mümkündür. 
Ölkəmizin başçısı İlham Əliyev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı bu uğurlara görə qırğız xalqını təbrik edib. 
Prezident İlham Əliyev çıxışında tədbir iştirakçılarına Türk Dövlətlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu, təşkilatın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini və iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirib, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb. 
Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığı qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın da Türk Dövlətləri Təşkilatının  Katibliyinə 2 milyon və Ağsaqqallar 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərməsinin təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib. Gələcəkdə bu dəstəyin daha da artması, xüsusilə iqtisadi sahələrdə Azərbaycanın təşəbbüsləri ilə birlikdə, Türk Dünyasının global miqyasda daha çox təsir və nüfuz əldə etməsinə səbəb olacağına əminlik yaradır. Bu əməkdaşlıq həmçinin Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməsinə və regionda daha da dominant bir mövqe tutmasına kömək edir.
Türk Dövlətləri Təşkilatı təhlükəsizlik məsələlərində də əməkdaşlığını gücləndirir. Dövlətimizin başçısı çıxışında xüsusi qeyd edib ki, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”. 
Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların daha da artması isə türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndiyini göstərir. Prezident Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə bəyan edib ki, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qarabağ məsələsində Azərbaycana dəstək vermələri, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan dövlətlərinin azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olaraq məktəb və yaradıcılıq mərkəzləri tikməsi dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələr daha da güclənəcək, Türk Dövlətləri Təşkilatının fəaliyyəti qlobal xarakter daşıyacaq və bütün bunlar nəticə etibarı ilə Türk dünyasının böyüməsinə səbəb olacaq.
Dövlətimizin başçısı çıxışında ötən ilin sentyabr ayında Azərbaycanın öz suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin  həyata keçirilməsindən də söz açıb. İndi Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri döndüklərini qeyd edən ölkə başçısı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və  Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirib. 
Dövlətimizin başçısının Zirvə görüşü çərçivəsində keçirdiyi ikitərəfli görüşlər də Azərbaycana böyük etimadın göstəricisi kimi dəyərləndirilir. Prezident İlham Əliyev diqqəti Azərbaycanın 200-ə yaxın dövlətin dəstəyi ilə COP29 tədbirinə ev sahibliyinə yönəldərək Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini ifadə edib. 


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az