Rayon rəhbərliyi vətəndaşların qayğılarını birbaşa dinləmək və onların həllinə operativ yanaşmaq məqsədilə səyyar qəbul-görüşlərini davam etdirir. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti belə görüşü Dədəgünəş kəndində keçirilib. Qəbulda rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin, eləcə də xidmət və infrastruktur təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar görüşün əsas məqsədi kənd sakinlərinin mövcud problemlərini yerində öyrənmək, onları narahat edən məsələləri dinləmək və operativ şəkildə həllinə nail olmaqdan ibarət olub. İcra başçısı Tahir Məmmədov çıxışında ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionlarda, o cümlədən Şamaxıda reallaşan quruculuq və abadlıq işlərindən, kənd və qəsəbələrdə icra olunan infrastruktur layihələrindən ətraflı bəhs edib. Bildirilib ki, bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan regional inkişaf strategiyasının tərkib hissəsidir.
Dədəgünəş sakinləri tərəfindən səsləndirilən əsas məsələlər arasında kəndə gedən yolun asfaltlaşdırılması, qazlaşdırma işlərinin aparılması, müasir rabitə infrastrukturunun qurulması kimi vacib sosial ehtiyaclar xüsusi diqqət çəkib. Qaldırılan problemlər ətrafında geniş müzakirələr aparılıb, kəndin sosial-iqtisadi inkişafı ilə bağlı gələcək planlar barədə məlumat verilib.
Qəbul zamanı fərdi müraciətlərə də yer ayrılıb. Kənd sakini İsmayılova Sadənisə Əmikişi qızı fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılmasında yardım göstərilməsini xahiş edib. Soltanov Rəhim İbrahim oğlu isə 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində evinin yararsız hala düşdüyünü bildirərək, yeni ev tikintisində dövlət dəstəyinə ehtiyac duyduğunu vurğulayıb. Xəlilov Fəqani Şahvələd oğlu isə uzun müddətdir yaşadığı evin sənədləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşdiyini və bu sahədə hüquqi və inzibati dəstəyə ehtiyac duyduğunu bildirib.
Sakinlərin müraciətləri yerində araşdırılıb, aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. İcra başçısı bildirib ki, hər bir müraciət diqqətlə öyrəniləcək və imkanlar çərçivəsində tez bir zamanda həllinə çalışılacaq. Görüşdə iştirak edən qurum nümayəndələri də qaldırılan məsələlərin həlli üçün üzərlərinə düşən vəzifələri yerinə yetirəcəklərini bildiriblər.
Sonda kənd sakinləri onlara göstərilən diqqətə, problemlərinin yerində öyrənilməsinə və həllinə yönəlik göstərilən təşəbbüslərə görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






