Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir.
Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
Qardaş Türkiyədə baş vermiş son zəlzələlər ilə bağlı Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olmuşdur. Zəlzələ baş verən gündən Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Prezident İlaham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirib ki, bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.
Dövlətimizin başçısı Azərbaycan üçün çox çətin bir dövrdə- 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqımıza əlavə güc verdiyini minnətdarlıqla xatırlayıb və xüsusi vurğulayıb ki, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmasnın iki qardaş ölkə arasında əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırılmasını qeyd edən ölkə başçısı Türkiyənin son 20 ildə böyük və şərəfli yol keçməsində, dünyada söz sahibi olmasında və güc mərkəzinə çevrilməsində Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyinin önəminə diqqət çəkib.
Prezident İlham Əliyev Türkiyənin hərbi gücünün artması, müdafiə sənayesi sahəsində qazanılan böyük uğurların, həmçinin Türkiyədə davamlı sabitliyin təmin olunmasının nəinki ölkənin inkişafı üçün, həm də bütün Türk dünyası üçün önəmli şərt olduğunu bildirib.
Dövlətimizin başçısı çıxışında Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəyinə ümid ifadə edib: "2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir."
Prezident İlham Əlyev Zirvə görüşünün iştirakçılarına 30 illik işğal dövründə ermənilərin törətdiyi vəhşilik, vandalizm aktlarından da söz açıb və bildirib ki, bu illər ərzində Ermənistan yüzlərlə şəhər və kəndimizi, tarixi və dini abidələrimizi, qəbiristanlıqlarımızı məqsədli şəkildə dağıtmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib.Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub.
Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımızın itkin düşməsi, onların hamısının işgəncələrə məruz qalaraq qətlə yetirilməsi faktı da düşmənin insanlıqdan uzaq, vəhşi xislətini sübut edir. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır və ağrlıı faktın biri də budur ki, bütün bunlar dünyanın gözü qarşısında baş verir. Özlərinin demokratiyanın beşiyi sayanlar, ölkələrində hüququn hökmran olduğunu iddia edənlər uzun illər olduğu kimi, yenə də susqunluq nümayiş etdirirlər.
Prezident İlham Əliyev: "Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır."
Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalması da Azərbaycan üçün ciddi narahatçılıq doğurur. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatını kobudcasına pozduğu üçün məsuliyyət daşımalıdır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyinə əməl etməlidir.
Zirvə görüşündə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycanın bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparmasından söz açan Prezident İlham Əliyev Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərimizə həyatın yenidən qaytarılmasından məmnunluqla danışıb: "Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misligörünməmiş bir yenidənqurma modelidir.
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq.
Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib."
Dövlətimizn başçısı türk dövlətlərinin qardaşlıq jestlərini də xüsusi vurğulayıb. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur. Bu yaxınlarda isə Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır.Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.
Prezident İlham Əliyev çıxışında tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılmasını Türk dünyasının coğrafiyasına müdaxilə faktı kimi qiymətləndirib: "1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir."
Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.