Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29.06.2022-ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bir çox vacib məsələlərə toxundu. Azərbaycanın Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyət verdiyini qeyd edən Prezident İlham Əliyev Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyət kəsb etdiyini bildirdi: "Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq."
Dövlətimizin başçısı çıxışında Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsi nəticəsində bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanmasına və qüvvəyə minməsinə də diqqət çəkdi. Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillərdən söz açarkən dənizin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanmasını xatırlatdı və Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərini, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm faktoru kimi dəyərləndirdi.
Xəzər dənizini regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi kimi səciyyələndirən Azərbaycan Prezidenti qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq istəyini sahilyanı dövlətlərin əsas prioritetləri hesab etdi.
Ölkəmizin başçısı çıxışı zamanı onu da əminliklə bildirdi ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər hövzəsində nəqliyyat və loqistika sahəsində özünəməxsus yer tutduğunu bildirərək dedi: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.”
Dövlətimizin başçısı çıxışı zamanı Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını da xüsusi qeyd etdi. Bildirdi ki, Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları diqqətə çatdıran, bölgədə dövlətlərin iqtisadi inkişafı, səmərəli əməkdaşlığın təşkili üçün mühüm amillərdən biri olan nəqliyyat infrastrukturunun yenilənməsinin vacibliyindən bəhs edən cənab Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı Azərbaycanın göstərdiyi səyi bir cümlə ilə konkrert ifadə etdi: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir.”
Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışının sonunda əminliklə bildirdi ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.