Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir”
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.
“XALQLARIMIZI ÇOXƏSRLİK TARİX, MƏDƏNİYYƏT, DİN VƏ ORTAQ DƏYƏRLƏR BİRLƏŞDİRİR”
Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak etmək üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı ötən il Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitində iştirak etdiiyini xatırladıb: “Ötən il mən Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişəm.
Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir”.
“ERMƏNİSTANIN İŞĞALINDAN AZAD EDİLMİŞ QARABAĞIN BƏRPASINA DƏSTƏK QARDAŞLIQ MÜNASİBƏTLƏRİMİZİN TƏZAHÜRLƏRİNDƏN BİRİDİR”
Ermənistan işğalından azad edilmiş Qarabağın bərpasına dəstəyin qardaşlıq münasibətlərimizin təzahüründən biri olduğunu söyləyən Prezident İlham Əliyev xatırladıb ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. “Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.
“DÜNYADA ARTAN TƏHDİD VƏ ÇAĞIRIŞLAR ÖLKƏLƏRİMİZ ARASINDA MÜDAFİƏ VƏ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN DAHA DA GÜCLƏNDİRİLMƏSINİ TƏLƏB EDİR”
Prezident İlham Əliyev vurğulayıb ki, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə qeyd edib və əlavə edib ki, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
Azərbaycanın bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirən Prezident İlham Əliyev bəyan edib ki, bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən birinin də nəqliyyat-tranzit sahəsində əməkdaşlıq olduğunu söyləyən dövlətimizin başçısı deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
“QAZAXISTAN, QIRĞIZISTAN VƏ ÖZBƏKİSTAN İLƏ FƏAL ŞƏKİLDƏ İNVESTİSİYA LAYİHƏLƏRİ HƏYATA KEÇİRİLİR”
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirildiyini bildirən dövlətimizin başçısı artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb, həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb və bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd edib. “Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm.
Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram".