Prezident İlham Əliyev cari ilin 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxış edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündəki çıxışında deyib.”Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.”
Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi etdi. Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi, noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak etdilər. BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) keçid dövrünü yaşayan Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə tədbiridir. Proqramın əsas məqsədi və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilib. Bu il SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir və növbəti il üçün sədrlik Azərbaycandan Tacikistana ötürülüb. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.
1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan Proqrama üzv ölkələrdir. Bu ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə üzv ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.
BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunması təqdirəlayiq addım hesab edilir. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. İnfrastrukturun inkişafı hər bir dövlətin iqtisadiyyatının inkişafı deməkdir. Eyni zamanda əlavə iş yerlərinin açılması, ölkəyə maliyyə axınının artması həm də dövlətlərin təhlükəsizliyinin qorunmasına xidmət edir. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da təxminən 200 milyardı qeyri-enerji sektorunun payına düşür. Özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyan Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin ölkəmizin ərazisindən keçən hissələri tam hazırdır, dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər davam edir. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan faydalı əməkdaşlıq formatını irəli sürüb.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: "Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik".
Ölkələrimizi birləşdirən amillər arasında siyasi sabitliyi xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: " Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur."
Azərbaycan Prezidenti onu da vurğulayıb ki, dünyada uğursuz, asılı, bir neçə ağaya xidmət edən ölkələrin sayı az deyil, onlardan biri Ermənistandır: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.”
"Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiq addım hesab edirik. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir".
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. "Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır.
Azərbaycanın son iyirmi ildəki inkişafının əsas göstəricilərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.
Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.”
Prezident İlham Əliyev son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulduğunu deyib və bildirib ki, ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb: "Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür".
"Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib", - deyə dövlətimizin başçısı bildirib.
“Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur.
Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.
2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik.”
Dövlətimizin başçısı bildirib ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar: "Buna cavab olaraq və "boz zona"ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm".
Ölkə rəhbəri onu da bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik və ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib: "Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq". Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
“Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm.”
Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün təşkil indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsidir.
Zirvə görüşündə Dövlət başçımızın söylədiyi kimi: "Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm".
Zirvə görüşündə müzakirə olunan məsələlər təkcə regionumuz deyil, dünya ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekununda Orta Dəhlizin rəqəmsallaşması üçün yol xəritəsi və Bakı Bəyannaməsi qəbul olunub.