Prezident İlham Əliyev: “Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib.
Prezident İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, bu səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək. Dövlətimizin başçısı imzalanmış sənədlərin əhəmiyyətindən söz açıb və Qırğız Prezidenti ilə imzaladığı Birgə Bəyannaməni xüsusi vurğulayıb.”Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.
Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir”.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etdiyini xatırladan dövlətimizin başçısı bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşırıqlı fəaliyyət bağları birləşdirir:” Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”.
Ölkələrimizin iqtisadi-ticari sahədə fəal əməkdaşlıq etdiyindən məmnunluğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirilib.Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. “Bu gün, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizə məruzə edildi ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün fonda 40-dan çox müraciət daxil olub. Ona görə də düşünürəm ki, 100 milyon dollar da son hədd deyil”.
Amma bunun ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm olmadığını vurğulayan dövlətimizin başçısı bəyan edib ki, bizim investisiya siyasəti üzrə başqa formalarımız da var. Məsələn, artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb, bizə söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq”.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürünü ifadə edib. “Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir”.
Səfər çərçivəsində energetika, nəqliyyat sahələrini geniş edildiyini bildirən dövlətimizin başçısı bu sahədə də potensial var.”Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik”.
İkitərəfli əməkdaşlıq formatından çöz açan Prezident İlham Əliyev bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırladıb: “Bu gün həmkarımla qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışında iştirak edəcəyik. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir”.
Prezident İlham Əliyev çıxışının sonunda bəyan edib ki, imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil: “Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq”.
Cari ilin 24 aprel tarixində imzalanmış Azərbaycan-Qırğızıstan sənədləri
“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”;
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”;
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”;
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”;
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”;
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”;
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”.
Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb.
Prezident İlham Əliyevin cari ilin 24 aprel tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxış edərək vurğulayıb ki, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzi olacaq.
Çingiz Aytmatov yaradıcılığından söz açan dövlətimizin başçısı bildirib ki, Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər.” Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.
Mən Qırğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim”.
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir.
Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.
Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.
Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub.
Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.
2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.