20 noyabr Ağdam Şəhəri Günüdür


44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.”
Müraciətdə deyilirdi: Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir.
23 iyul 1993-cü ildə Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verdi. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 16 nəfər ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, bütün tarixi abidələr, maddi-mədəniyyət nümunələri məhv edilib. Təəssüf ki, ermənilərin talançılığı sonra da davam etdi və gah Ağdamın adını dəyişib Tiqranakert qoyur, gah məhv etdikləri şəhərdə muzey açır, gah da saxta dəlillər düzəldərək guya bu yerlərdə vaxtilə ermənilərin yaşadığını söyləyirdilər. Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədirdilər. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Ağdamdakı abidələr təkcə Azərbaycanın qədim dövrünü yox, dünyanın bir parçası olan Qafqazın tarixini öyrənmək baxımından çox əhəmiyyətlidir, bu abidələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir. Onların çoxu YUNESKO tərəfindən qorunan abidələrdir. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Ağdam rayonunun hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
 Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar.
Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdi. Prezident Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev o zaman demişdir: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” Qarbağda qələbəmizin ilk günlərindən baş-lamış bərpa prosesinin ilk irimiqyaslı layihəsinə – Ağdamın bərpasının baş planının icrasına start verilib. Prezident İlham Əliyevin iştirakı ilə rayonun özündə, erməni vandallarının tarmar etdiyi şəhərdə bu möhtəşəm layihənin layiqli təqdimatı keçirildi.
Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük və genişmiqyaslı quruculuq işləri sürətlə aparılır və burada yüzlərlə iş yeri açılacaq vəəhalinin məşğulluğu təmin ediləcək. Xüsusilə Ağdamda yaradılan aqrar sənaye parkı burada kənd təsərrüfatı məhsullarının yetişdirilməsində önəmli rol oynayacaq. Bu park 190 hektar ərazidə tikilir və Ağdam şəhərinə çəkilən əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşir. Prezident İlham Əliyev 2021-ci ilin ilin mayın 28-də Respublika Günündə Ağdama səfəri zamanı deyib ki,  “Biz elə bir şəhər, elə elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır.”
Azad edilmiş ərazilərin inşası və bərpası, əsasən onların minalardan təmizlənmə sürətindən də asılıdır. Artıq təmizlənmiş ərazilərdə tikinti işləri tam sürətlə gedir. Hazırda Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, regionun 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək dörd zolaqlı Bərdə-Ağdam avtomobil yolu işlək vəziyyətdədir. Bu yol Qarabağ iqtisadi rayonuna yeni nəfəs verəcək və regionda iqtisadiyyatın tezliklə bərpasının təməlini qoyacaq.
Hər il 20 noyabrını Ağdam şəhəri günü kimi qeyd etməklə bu tarixi qələbəni yaşadacaq, ağdamlıların ağ gününü dünyaya yayacağıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr sürətlə həyata keçirilir.
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  23.11.2020-ci il tarixli səfərində , Ağdam şəhərində Dövlət Bayrağının ucaldıb və dağıdılmış Ağdam Cümə məscidini ziyarət edib. 
Ölkə başçısının 28.05.2021:--ci il tarixli səfəri  zamanı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma, Ağdam Sənaye Parkının təməlqoyma mərasimlərində, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıqı olub. Azərbaycan Prezidentinin Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma, Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləriinin, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanış olması yadda qaldı.
Prezident İlham Əliyevin 13.02.2022-ci il tarixli səfəri  Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma, “Park Forest Otel Ağdam” mehmanxanasının təməlqoyma, Yeni yaşayış kompleksinin təməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıq, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə və Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlığı mühüm əhəmiyyət daşıyıb.
Dövlər başçısının 04.10.2022-ci il tarixli səfəri zamanı Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma, Xıdırlı kəndinin təməlqoyma mərasimi, Kəngərli kəndinin təməlqoyma, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak edib. Ölkə rəhbərinin həmin gün Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıqı, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi, Növbəti yaşayış məhəlləsinin təməlqoyma, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma və   Sarıcalı kəndinin təməlqoyma mərasimləri təməlqoyma mərasimlərinin keçirilməsi xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu.
Prezident İlham Əliyevin 15.10.2023-cü il tarixli səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıqı isə böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur.



PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az