Aşıq Rza Məmmədovun 50 illik yubileyi Şamaxıda təntənə ilə qeyd olunub
Sazın səsində xalqın yaddaşı, aşığın sözündə isə əsrlərin hikməti yaşayır. Azərbaycan aşıq sənəti məhz bu yaddaşın və hikmətin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayan sənət xəzinəmizdir. Bu qədim sənət ənənəsinin yaşadılması və inkişafında xidmətləri olan sənətkarlardan biri də Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Rza Məmmədovdur.
Sənətkarın 50 illik yubileyi münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində yubiley tədbiri keçirilib.
Sənət adamlarının, ziyalıların, mədəniyyət nümayəndələrinin və rayon ictimaiyyətinin iştirak etdiyi tədbir səmimi və xoş ovqatla yadda qalıb.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Xalq artisti, professor İlham Namiq Kamal aşıq sənətinin milli mədəniyyətimizdəki mövqeyindən söz açıblar. Qeyd olunub ki, Azərbaycan aşıq sənəti xalqımızın bədii təfəkkürünü, milli duyğularını və mənəvi dəyərlərini özündə yaşadan zəngin sənət məktəbidir.
Çıxışlarda aşıq sənətinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, sənətkarlara göstərilən dövlət qayğısı xüsusi vurğulanıb. Aşıq Rza Məmmədovun yaradıcılıq fəaliyyətindən danışılıb, onun sənətə bağlılığı və aşıq ənənələrinin yaşadılmasına verdiyi töhfələr qeyd olunub.
Sonra səhnə sözün və sazın ixtiyarına verilib.
Aşıq Ağamurad Şirvanlı, xanəndə Sahibə Abdullayeva, Aşıq Şakirin nəvəsi Aşıq Babək Şakirli, Aşıq Elman Mehdiyev, Aşıq İxtiyar Qocayev, xanəndə Zeynal Əhmədov, xanəndə Vəliş Mirzəyev, Əməkdar artist Şirzad Fətəliyev və xanəndə Teymur Əziz öz ifaları ilə yubiley gecəsinə xüsusi sənət ab-havası bəxş ediblər.
“Eşq” ansamblının çıxışı və ansamblın bədii rəhbəri Ruslan Adgözəlovun təqdim etdiyi musiqi nömrələri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Yubiley tədbirinin sonunda Aşıq Rza Məmmədov çıxış edərək bu əlamətdar günündə onun sevincinə şərik olan hər kəsə təşəkkürünü bildirib. Sənətkar daha sonra sazını sinəsinə basaraq aşıq havalarından nümunələr ifa edib.
Sazın hər telində bir ömür, hər havada bir xatirə, hər misrada isə xalqın ruhu vardı.
50 illik yubiley yalnız bir sənətkarın ömür yoluna nəzər salmaq deyil, həm də Azərbaycan aşıq sənətinin yaşarılığını, onun bu gün də könüllərə yol tapdığını göstərən mənalı bir sənət axşamı oldu.















