Şamaxıda Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş elmi konfrans keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş elmi konfrans keçirilib


Şamaxıda böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirilən tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AMEA-nın prezidenti İsa Həbibbəyli, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli, İnstitutun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Ədəbiyyat İnstitutunun elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva və Elnarə Zeynalova, təhsil və mədəniyyət işçiləri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Xaqani Şirvaninin həyat və yaradıcılığından, onun Azərbaycan və Şərq ədəbiyyatının inkişafındakı mühüm rolundan söz açıblar. Bildirilib ki, şairin zəngin ədəbi irsi əsrlər keçməsinə baxmayaraq, bu gün də öz elmi, bədii və fəlsəfi əhəmiyyətini qoruyub saxlayır.
Çıxışlarda Prezidentin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamının şairin irsinin daha dərindən araşdırılması və geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubu, dərin fəlsəfi düşüncələri və zəngin poetik irsi ilə seçilən böyük sənətkarlardandır. Onun əsərlərində insan, cəmiyyət, mənəviyyat, ədalət və həyatın müxtəlif fəlsəfi məsələləri geniş əksini tapıb.
Konfransda Xaqaninin yaradıcılığının müxtəlif istiqamətləri ilə bağlı elmi məruzələr dinlənilib, şairin ədəbi irsinin müasir ədəbiyyatşünaslıq baxımından öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin Şamaxıda keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Şirvan ədəbi-mədəni mühitinin yetirdiyi böyük sənətkarlardan biri olan Xaqani Şirvaninin yubileyinin onun adı ilə bağlı tarixi-mədəni məkanda qeyd edilməsi şairin irsinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, Şamaxının Azərbaycan ədəbiyyatının tarixindəki mühüm yerini bir daha diqqətə çatdırıb.
Konfrans çərçivəsində Xaqani Şirvaninin yaradıcılığının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində elmi və mədəni tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az