26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan tarixində xüsusi qürur, iftixar və minnətdarlıq hissi ilə qeyd olunan əlamətdar günlərdəndir. Bu tarix təkcə ordumuzun peşə bayramı deyil, həm də dövlətimizin hərbi qüdrətinin, xalq–ordu birliyinin, milli iradənin, tarixi Zəfərin və suverenliyimizin tam bərpasının rəmzidir. Azərbaycan dövlətinin müstəqillik tarixində ordu quruculuğu hər zaman strateji əhəmiyyət daşıyan əsas istiqamətlərdən biri olub. Çünki güclü dövlətin əsas dayaqlarından biri məhz güclü, peşəkar, intizamlı və xalqına bağlı ordudur. Azərbaycan xalqı bu həqiqəti təkcə nəzəri baxımdan deyil, həm də tarixin ən ağır sınaqlarında, müharibə meydanlarında, dövlətçilik uğrunda mübarizədə və qazanılmış tarixi Qələbələrdə təsdiqləyib.
Bu gün Azərbaycan Ordusu təkcə sərhədlərimizin keşiyində dayanan hərbi qüvvə deyil. O, həm də dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, suverenliyimizin, milli təhlükəsizliyimizin və xalqımızın qürur hissinin ən mühüm təminatçısıdır. Azərbaycan Ordusunun bugünkü qüdrəti təsadüfən formalaşmayıb. Bu gücün arxasında uzun illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, milli hərbi kadrların hazırlanması, ordu quruculuğunun institusional əsaslarının yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və ən əsası, xalqın öz ordusuna olan sonsuz inamı dayanır. Müasir Azərbaycan Ordusunun formalaşma yolu bir neçə mühüm mərhələdən keçib və hər mərhələ bu günkü qalib ordu modelinin qurulmasına ciddi töhfə verib.
Müasir ordunun təməli: Heydər Əliyevin dövlətçilik baxışı
Müasir Azərbaycan Ordusunun formalaşmasının ideoloji, siyasi və institusional təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik baxışı dayanır. Ulu Öndər hələ sovet dövründə Azərbaycanda milli hərbi kadrların hazırlanmasının gələcək dövlətçilik baxımından nə qədər mühüm olduğunu aydın şəkildə görürdü. O, yaxşı anlayırdı ki, hər hansı xalqın müstəqillik iddiası, dövlətçilik ambisiyası və milli təhlükəsizlik modeli yalnız güclü, peşəkar və milli ruhda yetişmiş ordu ilə tamamlanır. Bu baxımdan, Azərbaycanda milli zabit korpusunun formalaşdırılması istiqamətində atılan addımlar sonrakı dövrdə müstəqil Azərbaycan Ordusunun yaranmasına ciddi baza yaratdı.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə görkəmli hərbçi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması Azərbaycanda hərbi təhsil tarixinin mühüm hadisələrindən biri oldu. Bu təhsil ocağı təkcə gələcək hərbçilərin hazırlanması baxımından deyil, həm də gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması, hərbi peşəyə marağın artırılması və milli hərbi düşüncənin inkişafı baxımından xüsusi rol oynadı. Eyni zamanda Ulu Öndərin təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması üçün geniş imkanlar yaradıldı. Sonrakı dövrdə müstəqil Azərbaycan Silahlı Qüvvələrinin zabit korpusunun formalaşmasında məhz həmin siyasətin mühüm əhəmiyyəti oldu.
Lakin Azərbaycanın müstəqillik qazandığı ilk illər son dərəcə mürəkkəb, ziddiyyətli və təhlükəli dövr idi. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı, ölkə daxilində hökm sürən siyasi böhran, hakimiyyət uğrunda çəkişmələr, idarəetmədəki pərakəndəlik və nizami ordunun olmaması dövlətçiliyin gələcəyini ciddi təhlükə altına salmışdı. Ayrı-ayrı silahlı dəstələrin özbaşına fəaliyyəti, vahid komandanlığın yoxluğu, orduda intizamın zəifliyi və mərkəzləşmiş hərbi idarəetmənin formalaşmaması Azərbaycanı faktiki olaraq çox ağır vəziyyətə salmışdı. Müstəqilliyin ilk illərində nizami ordu anlayışı kağız üzərində mövcud olsa da, real mənada vahid və peşəkar Silahlı Qüvvələrdən danışmaq mümkün deyildi.
Belə bir tarixi məqamda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçiliyin xilası ilə yanaşı, nizami ordu quruculuğunu da əsas prioritetlərdən biri kimi müəyyənləşdirdi. Məhz onun siyasi iradəsi ilə ölkədə özbaşına silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, ordu quruculuğu mərkəzləşdirilmiş dövlət siyasətinə çevrildi. Bu addımlar təkcə hərbi sahədə deyil, bütövlükdə dövlət idarəçiliyində sabitliyin və intizamın bərpası baxımından həlledici rol oynadı. Azərbaycan Milli Ordusunun peşəkar əsaslarla formalaşdırılması, döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin vahid idarəetmə altında birləşdirilməsi məhz həmin mərhələdə mümkün oldu.
1994-cü ildə atəşkəsin əldə olunmasından sonra isə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlandı. Artıq əsas məqsəd yalnız cəbhə xəttində mövcud vəziyyəti saxlamaq deyil, eyni zamanda gələcəkdə torpaqların azad olunmasına qadir peşəkar, modern və döyüş qabiliyyətli ordu yaratmaq idi. Bu mərhələdə Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının artırılması, hərbi hissələrin təminatının yaxşılaşdırılması, hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atıldı.
1999-cu ildə Hərbi Akademiyanın yaradılması milli hərbi kadr hazırlığı sistemində mühüm mərhələ oldu. Daha sonra hərbi təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, zabit heyətinin peşəkar hazırlığının gücləndirilməsi, orduda nizam-intizamın və idarəetmə mədəniyyətinin artırılması Azərbaycan Silahlı Qüvvələrinin gələcək inkişafı üçün ciddi baza formalaşdırdı. Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunması da dövlətin orduya verdiyi yüksək dəyərin, bu sahəyə strateji baxışın və milli hərbi ənənələrin möhkəmləndirilməsinə verilən önəmin parlaq ifadəsi idi.
Ulu Öndər Heydər Əliyevin ordu ilə bağlı baxışlarında bir məqam xüsusi yer tutur: ordu təkcə silahlı qüvvə deyil, dövlətin mövcudluğunu, xalqın iradəsini və milli birliyi qoruyan müqəddəs təsisatdır. Onun “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir” fikri bu gün də Azərbaycan dövlətçiliyində orduya verilən dəyərin ən dolğun ifadələrindən biri kimi səslənir. Həqiqətən də, müasir Azərbaycan Ordusunun gücü yalnız silahında deyil, həm də xalqla birliyində, milli ruhunda, dövlətə sədaqətində və vətən sevgisindədir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasəti: peşəkar ordudan qalib ordu modelinə
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu kursu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək tamamilə yeni mərhələyə yüksəldildi. Əgər Heydər Əliyev mərhələsi müasir ordunun təməlini yaratdısa, İlham Əliyev dövrü həmin ordunun modernləşdirilməsi, peşəkarlaşdırılması, gücləndirilməsi və nəticə etibarilə qalib orduya çevrilməsi mərhələsi oldu. Son iyirmi ildən artıq müddətdə Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və hərbi texnikanın alınması, müdafiə sənayesinin inkişafı, peşəkar hərbi kadr hazırlığının təkmilləşdirilməsi və ordunun idarəetmə modelinin yenilənməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ordu quruculuğu Azərbaycan üçün prioritet məsələdir. Bu yanaşma təkcə siyasi bəyanat səviyyəsində qalmayıb, konkret nəticələrə çevrilib. Son illərdə Azərbaycanın müdafiə büdcəsi əhəmiyyətli dərəcədə artırılıb, ordunun arsenalına ən müasir silah sistemləri, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, raket kompleksləri, zirehli texnika, hava hücumundan müdafiə vasitələri və digər müasir döyüş vasitələri daxil edilib. Ordunun texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, hərbi hissələrin sosial-məişət şəraiti, şəxsi heyətin təminatı, hərbçilərin peşəkar hazırlığı və döyüş ruhunun yüksəldilməsi istiqamətində də ciddi addımlar atılıb.
Bu mərhələdə Azərbaycanın müdafiə sənayesi potensialının formalaşdırılması da mühüm hadisə idi. Hərbi texnikanın, sursatın, müxtəlif təyinatlı müdafiə məhsullarının ölkə daxilində istehsalı ordunun təchizat imkanlarını genişləndirdi, xarici asılılığı müəyyən qədər azaltdı və müasir ordu quruculuğuna sistemli yanaşmanı gücləndirdi. Paralel olaraq xüsusi təyinatlı qüvvələrin, komando birliklərinin, dağ və çətin relyef şəraitində fəaliyyət göstərən hərbi hissələrin yaradılması ordunun çevikliyini və döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırdı.
Azərbaycan Ordusunun artan gücü ilk dəfə geniş şəkildə 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Bu döyüşlər ordumuzun həm taktiki, həm də mənəvi baxımdan artıq əvvəlki illərdən tamamilə fərqli bir mərhələyə yüksəldiyini nümayiş etdirdi. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu işğalla barışmaq niyyətində deyil və torpaqlarımızın azadlığı uğrunda real döyüş aparmaq gücünə malikdir. 2018-ci ilin Günnüt əməliyyatı isə ordumuzun əməliyyat üstünlüyünü, çevikliyini və yüksək hazırlıq səviyyəsini bir daha ortaya qoydu. Bu uğurlar sonrakı böyük Zəfərin xəbərçisi idi.
Azərbaycan Ordusunun qüdrətinin zirvə nöqtəsi isə, şübhəsiz ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu. Ermənistanın uzun illər davam edən işğal siyasətinə son qoyan bu müharibə Azərbaycanın hərbi gücünü, siyasi iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində tarixi missiyanı yerinə yetirdi, torpaqlarımızı işğaldan azad etdi, beynəlxalq hüququn tələblərini döyüş meydanında təmin etdi və xalqımıza böyük Zəfər yaşatdı.
Vətən müharibəsində qazanılan Qələbə təsadüfi uğur deyildi. Bu Qələbənin arxasında illərlə aparılan məqsədyönlü ordu quruculuğu siyasəti, peşəkar zabit korpusu, müasir silahlanma, hərbi planlaşdırma, güclü iqtisadi baza, xalq–ordu birliyi və Ali Baş Komandanın sarsılmaz siyasi iradəsi dayanırdı. Müharibə göstərdi ki, Azərbaycan Ordusu təkcə texniki baxımdan deyil, həm də döyüş ruhu, vətənpərvərlik, mənəvi hazırlıq və fədakarlıq baxımından son dərəcə güclü ordudur. Azərbaycan əsgəri və zabiti bu müharibədə böyük qəhrəmanlıq nümunələri göstərdi, torpaq sevgisini, dövlətə sədaqəti və Vətən uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut etdi.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bu əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni qısa müddətdə, yüksək peşəkarlıqla və minimal itkilərlə yerinə yetirməyə qadirdir. Beləliklə, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam bərpa etdi. Bu gün Azərbaycan Ordusu artıq təkcə peşəkar ordu deyil, eyni zamanda qalib ordu, müzəffər ordu və öz gücünü real döyüş meydanında sübut etmiş hərbi qüvvədir.
Zəfərdən sonrakı mərhələ: yeni model, yeni hazırlıq, yeni ordu
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Azərbaycan Ordusunun inkişafında keyfiyyətcə yeni mərhələ başladı. Əgər müharibəyə qədərki dövrdə əsas məqsəd torpaqların işğaldan azad olunmasına qadir güclü ordu yaratmaq idisə, postmüharibə mərhələsində qarşıya çıxan başlıca vəzifə qalib ordunun döyüş təcrübəsini sistemləşdirmək, ordunu yeni təhlükəsizlik çağırışlarına uyğunlaşdırmaq, daha çevik və daha peşəkar model əsasında yenidən təşkil etmək oldu. Bu mərhələdə ordunun strukturunda, idarəetməsində, təlim sistemində, kadr hazırlığında və hərbi təhsildə mühüm dəyişikliklər həyata keçirilməyə başlandı.
Müharibə bir daha göstərdi ki, müasir döyüş şəraitində yüksək manevr imkanına malik, dağlıq və mürəkkəb relyefdə sürətli əməliyyatlar aparmağa qadir, taktiki cəhətdən çevik və yüksək hazırlıqlı hərbi birliklərin rolu həlledicidir. Məhz bu zərurətdən irəli gələrək Azərbaycan Ordusunda Komando briqadalarının yaradılmasına başlanıldı. Komando hissələrinin formalaşdırılması ordunun çevikliyini, manevr imkanlarını, hücum və müdafiə potensialını daha da artırdı. Bu birliklər müasir döyüş konsepsiyasına uyğun şəkildə hazırlanır, ən çətin iqlim və relyef şəraitində fəaliyyət göstərə biləcək peşəkar şəxsi heyətlə komplektləşdirilir. Komando modelinin tətbiqi ordunun gələcək əməliyyat imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Postmüharibə mərhələsinin digər mühüm istiqaməti hərbi təhsil sisteminin yenilənməsi oldu. 2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması Azərbaycan Ordusunda hərbi təhsilin vahid idarəetmə modeli əsasında qurulmasına, ali hərbi təhsil, elmi-tədqiqat və peşəkar zabit hazırlığı sahəsində yeni mərhələnin başlanmasına imkan verdi. Bu addım ordu quruculuğuna artıq yalnız hərbi hissələrin sayının artırılması və ya silahlanmanın gücləndirilməsi prizmasından deyil, həm də elmi, intellektual və idarəetmə potensialının inkişafı baxımından yanaşıldığını göstərdi. Müasir döyüş şəraitində qərargah hazırlığı, hərbi diplomatiya, xarici dillər, analitik düşüncə, çevik qərarvermə və texnoloji savadlılıq kimi amillər getdikcə daha çox əhəmiyyət qazanır. Milli Müdafiə Universiteti də məhz bu çağırışlara cavab verən yeni kadr nəslinin formalaşdırılmasına xidmət edir.
Postmüharibə mərhələsinin strateji istiqamətlərindən biri də Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasıdır. Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının yeni mərhələsi ordular arasında təkcə dostluq və tərəfdaşlıq münasibətlərini deyil, həm də əməliyyat planlaşdırılması, komanda-idarəetmə, döyüş hazırlığı, təlim metodikası və struktur islahatları sahəsində yaxınlaşmanı sürətləndirib. Türkiyə ilə ortaq təlimlər, hərbi məsləhət mübadiləsi, birgə hazırlıq proqramları və qardaş ölkənin hərbi məktəbinin təcrübəsi Azərbaycan Ordusunun daha çevik, daha peşəkar və daha modern modelə keçidini sürətləndirir. Bu yanaşma ordumuzun yalnız bugünkü deyil, gələcək təhlükəsizlik çağırışlarına da hazır olmasını təmin edir.
Postmüharibə mərhələsində ordunun idarəetmə sisteminin təkmilləşdirilməsi, döyüş təcrübəsinin təhlil edilərək təlim prosesinə tətbiqi, peşəkar hərbi qulluqçuların sayının artırılması, xüsusi təyinatlı və çevik birliklərin rolunun gücləndirilməsi kimi istiqamətlər də xüsusi yer tutur. Bu gün artıq Azərbaycan Ordusu təkcə keçmiş döyüşlərin nəticəsi ilə kifayətlənən ordu deyil. O, özünü yeniləyən, təcrübədən nəticə çıxaran, strukturunu müasirləşdirən və gələcəyin müharibələrinə uyğunlaşan ordu modelinə çevrilir.
Güclü ordunun beynəlxalq dayaqları: strateji tərəfdaşlıq və modernləşmə
Müasir dünyada güclü ordu yalnız daxili resurslar, hərbi büdcə və texniki təchizat hesabına formalaşmır. Onun arxasında eyni zamanda düzgün qurulmuş beynəlxalq tərəfdaşlıq siyasəti, hərbi-texniki əməkdaşlıq, müasir döyüş təcrübəsinin mənimsənilməsi, müdafiə sənayesində əlaqələrin inkişafı və peşəkar kadr hazırlığı dayanır. Azərbaycan da son illərdə məhz bu istiqamətlərdə məqsədyönlü siyasət həyata keçirərək Silahlı Qüvvələrinin imkanlarını daha da genişləndirib. Bu siyasətin əsas məğzi ondan ibarətdir ki, ordu quruculuğu yalnız ölkədaxili səylərlə deyil, həm də beynəlxalq əməkdaşlıqdan səmərəli istifadə etməklə gücləndirilsin.
Bu baxımdan 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin tarixində olduğu kimi, ordumuzun gələcək inkişafında da mühüm strateji sənəddir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri təkcə siyasi və diplomatik müstəvidə deyil, həm də hərbi-strateji səviyyədə yeni mərhələyə yüksəltdi. Sənəddə silahlı qüvvələrin modernləşdirilməsi, birgə təlimlərin keçirilməsi, şəxsi heyət mübadiləsi, müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik məsələləri kimi mühüm istiqamətlər əksini tapıb. Bu, Azərbaycan Ordusunun müasir standartlara uyğun inkişafında, idarəetmə modelinin yenilənməsində və regional təhlükəsizlik arxitekturasında rolunun güclənməsində mühüm baza rolunu oynayır.
Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığı yalnız Türkiyə ilə məhdudlaşmır. Ölkəmiz milli maraqlara uyğun şəkildə Pakistan, İsrail və digər tərəfdaşlarla hərbi-texniki əlaqələrini də inkişaf etdirir. İsraillə əməkdaşlıq Azərbaycan Ordusunun müasir texnologiyalarla təmin olunmasında mühüm rol oynayıb. Xüsusilə pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silah sistemləri, radarlar, hava hücumundan müdafiə vasitələri və digər müasir hərbi texnologiyalar ordumuzun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Müasir müharibələrin xarakteri göstərir ki, texnologiya artıq qələbənin əsas amillərindən biridir və Azərbaycan bu sahədə doğru seçimlər etməklə ordusunun texnoloji üstünlüyünü gücləndirib.
Pakistanla əməkdaşlıq isə hərbi aviasiya, müdafiə sahəsində strateji tərəfdaşlıq və siyasi-hərbi yaxınlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Pakistanın beynəlxalq müstəvidə daim Azərbaycanın haqq işini dəstəkləməsi, hərbi sahədə əməkdaşlığın dərinləşməsi, təlim və təcrübə mübadiləsi ordumuzun beynəlxalq tərəfdaşlıq şəbəkəsini daha da gücləndirir. Bütün bunlar onu göstərir ki, Azərbaycan hərbi əməkdaşlıq siyasətini emosional yox, milli maraqlara əsaslanan praqmatik və çoxşaxəli model üzərində qurur.
Beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri də peşəkar hərbi kadr hazırlığıdır. Müasir müharibələr təkcə silah savaşı deyil, həm də intellekt, texnologiya, planlaşdırma, koordinasiya və idarəetmə yarışıdır. Bu səbəbdən zabit, gizir, peşəkar hərbi qulluqçu hazırlığının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Xarici ölkələrin qabaqcıl hərbi təcrübəsinin öyrənilməsi, birgə təlimlər, ixtisasartırma kursları, qərargah hazırlığı və müasir hərbi təhsil proqramları ordunun insan resursları potensialını gücləndirir. Gənclərin hərbi təhsilə marağının artırılması, yeni hərbi kolleclərin yaradılması, kursantlar üçün sosial dəstək mexanizmlərinin tətbiqi isə gələcək kadr potensialının formalaşmasına xidmət edir.
Qalib ordunun təntənəsi və xalq–ordu birliyinin gücü
Bu gün Azərbaycan Ordusu təkcə 44 günlük Vətən müharibəsinin qalib ordusu deyil. O, eyni zamanda Zəfərdən sonra özünü daha da gücləndirən, müasir hərbi model əsasında yenidən formalaşan, beynəlxalq əməkdaşlıq imkanlarından səmərəli istifadə edən və gələcəyin təhlükəsizlik çağırışlarına hazırlaşan peşəkar ordudur. Ordumuzun gücü yalnız silahında, texnikasında və maddi imkanlarında deyil. Bu gücün əsasında peşəkar hazırlıq, vətənpərvərlik ruhu, xalqın ona olan inamı, dövlətin siyasi iradəsi və milli həmrəylik dayanır.
Azərbaycan Ordusunun uğurlarında xalq–ordu birliyi həlledici rol oynayıb. Vətən müharibəsi günlərində bütün Azərbaycan cəmiyyətinin ordunun ətrafında sıx birləşməsi, cəbhəyə mənəvi dəstək, hərbçilərə ehtiram, şəhid ailələrinə və qazilərə yüksək diqqət bu birliyin nə qədər güclü olduğunu bir daha göstərdi. Azərbaycan əsgəri döyüş meydanında tək olmadığını, arxasında bütöv bir xalqın dayandığını hiss etdi. Bu mənəvi güc isə bəzən ən müasir silahdan da daha böyük qüvvəyə çevrilir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü də məhz bu reallığın təntənəsidir. Bu gün Azərbaycan xalqı öz qalib ordusuna, qəhrəman əsgər və zabitlərinə, şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin fədakarlığına və dövlətimizin güclü iradəsinə ehtiramını ifadə edir. Bu gün bir daha xatırladır ki, Azərbaycan Ordusu təkcə sərhədlərimizi qoruyan hərbi qüvvə deyil, həm də müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün, milli qürurumuzun və dövlət iradəmizin ən möhtəşəm təcəssümüdür.
Azərbaycan dövlətinin son illərdə qazandığı ən böyük nailiyyətlərdən biri məhz müzəffər ordunun formalaşdırılmasıdır. Bu ordu uzun illər aparılmış düşünülmüş dövlət siyasətinin, güclü liderliyin, hərbi islahatların, milli həmrəyliyin və vətən sevgisinin nəticəsidir. Güclü dövlətin güclü ordusu var və bu ordu bu gün Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin və gələcəyinin ən etibarlı təminatçısıdır. Azərbaycan xalqı da haqlı olaraq öz ordusu ilə fəxr edir. Çünki bu ordu yalnız torpaqlarımızı azad etməyib, həm də xalqımıza başıuca yaşamaq, qürur duymaq və qalib dövlətin vətəndaşı olmaq hissi bəxş edib.
