Şamaxıda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Şamaxı rayonunda anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Soyqırımı abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar nəticəsində minlərlə insan qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış və dinc əhali öz doğma torpaqlarından didərgin salınmışdır. 1918-ci ildə erməni-daşnak silahlı dəstələri tərəfindən Şamaxı qəzasının 58 kəndində 8 027 nəfər dinc sakin xüsusi amansızlıqla qətlə yetirilmişdir. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaq olmuşdur. Həmin hadisələr zamanı Şamaxı şəhərində 13 məscid, o cümlədən regionun ən qədim ibadətgahlarından biri olan Şamaxı Cümə məscidi də yandırılmışdır.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu hadisələrə siyasi-hüquqi qiymət verilmiş və 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hər il bu tarixdə ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad olunur.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2017-2026 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az