Azərbaycan dayanıqlı sülhün tərəfdarıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibənin yayımlanması  müsahibə zamanı səsləndirdiyi fikirlərlə yadda qaldı.
Prezident İlham Əliyev: “Mən hazırda nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm…. Sülh üçün alternativ yoxdur.”
Azərbaycanın süverenliyinin bərpası və Qarabağda qanunsuz separatçı rejimin ləğv edilməsi ilə Ermənistana  daha cəsarətli davranmağa və danışıqlara getməyə mane olan əsas amilin mövcudluğuna son qoyulub. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində sülh üçün alternativin olmadığını bildirib.Qeyd edib ki, sülh sazişi imzalanmasa bu bütöv bölgə üçün çox pis olacaq. Azərbaycan istəyirki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Ermənistan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam  əl çəksin. Dövlət başçısı qeyd edib ki,  Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beynəlxalq hüquqa uyğun beş təməl prinsip hazırlayıb.
“Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır.”
Dövlət başçısı qeyd edib ki, hazırda nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmür.”Onlar ərazi bütövlüyümüzü sual altına qoymaq və ərazimizdə separatçılığa rəvac vermək kimi bütün cəhdlərinə son qoymalıdırlar, çünki Qarabağ Azərbaycanın hissəsidir və bu, hamı, o cümlədən Ermənistanın özü tərəfindən etiraf edilir. Məhz Ermənistanın baş naziri 2019-cu ildə Xankəndidə böyük nümayiş zamanı demişdir: “Qarabağ Ermənistandır”. Bu, danışıqlar prosesinin sonu demək idi, çünki bundan sonra danışıqlar üçün heç bir şey qalmadı. Beləliklə, İkinci Qarabağ müharibəsi üçün səbəb məhz Ermənistan hökuməti idi. İndi isə həmin şəxs artıq “Qarabağ Azərbaycandır” deyir. Bu, yaxşı haldır, irəliləyişdir. Biz irəliləyişi hər zaman dəstəkləyirik, lakin hazırda “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik.”
Müxbirin Qarabağ erməniləri ilə bağlı sualına cavabında Prezident İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycan çox millətli, çox konvesiyallı ölkədir. Qarabağ ermənilərinədə qalması üçün çağırış edib. Onların müraciət etmələri üçün elektron qeydiyyat portalı yaradılıb. Portal vasitəsilə onlar Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərlər. Bu halda onların bütün hüquqları təmin olunacaq. Erməni əhalinin Qarabaqı tərk etmək məsələsinə gəlincə bu onların öz qərarı idi.
“Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik. Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir. Lakin yenə də sizin suala gəldikdə deyə bilərəm ki, onlar qayıda bilərlər.”
Artıq bəzi ermənilər Qarabağda qalmağa qərar verərək Azərbaycan vətəndaşlığı üçün müraciət edib. Hazırda onların müraciətlərinə baxılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onları qeydiyyata salır. Bu Beynəlxalq norma standartlara əsasən hüquqi bir prosesdir. Beynəlxalq arenada Azərbaycan müstəqil siyasət yürüdür və buna davam edəcək deyən   dövlət başçısı, ölkəmizin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyindən və təşkilata verdiyi töhvələrdən danışıb.
“Beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir…. Bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə - ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları, əlbəttə ki, qat-qat böyük olacaq. Döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş ölkənin beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəlib.” Dövlət başçısı ölkəmizin iqtisadi inkişafındanda danışıb, qeyd edib ki, hazırda geniş miqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplanılsın. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi bağlantı layihələrində böyük həcmdə məənfət əldə olunacaq. Qarabağ və Şərqi Zəngəzurun azad edilən əraziləri də əlavə aparıcı  qüvvə olacaq.
“Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc ÜDM-in sadəcə 7 faizini təşkil edəcək. Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan on dəfə çoxdur. Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın.”
Azərbaycanın 2030-cu il üçün   baxış hədəfi və strategiyası öz resurslarına, maliyyə imkanlarına əsaslanır. Qarşıdan gələn illərdə Azərbaycanda əsas dövlət xərcləri Qarabağ və Şərqi Zəngəzura yönəldiləcək. Ölkə rəhbəri qeyd edib ki, 2026-cı ilin sonunadək 140 min insanın dogma torpağına köçürülməsi planlaşdırılır. Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi  sahəsinin investisiyaların qoyuluşu davam edəcək. Əsas inkişaf isə bərpa olunan enerji mənbələri ilə bağlıdır. Bu birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Enerji təchizatının məsələsində də Azərbaycan uğurlu layihələri gercəkləşdirib.
Prezident İlham Əliyev SPECA   proqramından danışarkən qeyd edib ki, bu proqram mərkəzi Asiya və Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqələrə əsaslanır. Son iki ildə Azərbaycan və bütün mərkəzi Asiya ölkələri arasında və mərkəzi Asiya ölkələrinin üzvləri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. İndiki çətin geosiyasi vəziyyətdə SPECA proqramının üzv ölkələri bu gün sabitlik nümayiş etdirir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əməkdaşlıq siyasəti həyata keçirir.Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır.
Siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az