Novruz Bayramının gəlişi Şamaxı şəhərində bu il də xüsusi coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Xalqımızın əsrlərdən bəri yaşatdığı xeyirxahlıq, mehribanlıq, birlik və qonaqpərvərlik kimi ali dəyərləri özündə əks etdirən bu əziz bayram münasibətilə təşkil olunan tədbirlər rayon sakinlərini bir araya gətirib, qədim ənənələrin yaşadılmasına bir daha töhfə verib.
Bayram münasibətilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində keçirilən möhtəşəm şənlikdə rayon icra hakimiyyətinin nümayəndələri, müxtəlif idarə və müəssisələrin kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər böyük həvəslə iştirak ediblər. Tədbirin əvvəlində iştirakçılar mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin mədəni irsini əks etdirən əl işləri, dekorativ-tətbiqi sənət nümunələri, milli geyimlər və qədim məişət əşyaları nümayiş olunaraq qonaqlarda böyük maraq doğurub.
Daha sonra bayram tədbiri geniş konsert proqramı ilə davam edib. Proqram çərçivəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının müşayiəti ilə tanınmış ifaçıların çıxışları təqdim olunub. Ansamblın bədii rəhbəri Ruslan Adgözəlov, Muğam Televiziya Müsabiqəsinin laureatı Vəliş Mirzəyev, eləcə də Samirə Şamaxılı, Zeynal Əhmədov, Aynur Səmədli, Elməddin Qocayev, Nizami Camallı, Faiq Mirzəyev və Elvin Abdullayev kimi sənətçilər tərəfindən səsləndirilən xalq və bəstəkar mahnıları, muğam ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin bədii hissəsi daha da rəngarəng olub. Şamaxı Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən, respublikanın Əməkdar mədəniyyət işçisi Ağamurad İsrafilovun rəhbərlik etdiyi A.Məmmədağa Babayev adına “İncə tellər” aşıqlar ansamblı öz ifaları ilə qədim aşıq sənətini nümayiş etdirib. Bununla yanaşı, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin nağaraçalanlar ansamblı ritmik çıxışları ilə tədbirə xüsusi dinamika qatıb, “Buta” rəqs qrupu isə milli rəqslərimizlə səhnəni daha da canlandırıb.
Bayram tədbiri boyunca tonqalların, səmənilərin, milli musiqilərin və rəngarəng çıxışların yaratdığı ab-hava iştirakçılarda əsl Novruz ruhunu yaşadıb. Sonda tədbir iştirakçıları bir daha bu cür tədbirlərin milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Şamaxıda keçirilən bu bayram şənliyi hər kəsin yaddaşında xoş təəssüratlarla qalıb və Novruzun sevincini daha da artırıb.
























