Rayonda qadınların işgüzar inkişafı təlimləri başa çatıb


Şamaxıda və ətraf kəndlərdə yaşayan qadınlar üçün “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM-W” layihəsinin onlayn təlimləri başa çatıb. Təlimlərin onlayn formatda bağlanış mərasimi keçirilib. Mərasimə layihənin tərəfdaşları, təlimçilər və iştirakçılar qoşulublar.
Mərasimdə iştirak edən “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev layihənin məqsədi barədə məlumat verib: “Biz “Coca-Cola” şirkəti olaraq düşünürük ki, heç bir şirkət cəmiyyətin inkişafından ayrı qala bilməz. Şirkətin inkişafı üçün cəmiyyətin inkişafı lazımdır. Bilirik ki, dünya, həmçinin elə Azərbaycan əhalisinin yarısını qadınlar təşkil edir. Qadınlar nə qədər inkişaf edərsə, həm ailələri, həm də cəmiyyət inkişaf edər. Bunu nəzərə alaraq öz işimizdə qadınlara dəstəyi prioritet tuturuq. Bu çərçivədə “Coca-Cola” şirkətinin fəaliyyət göstərdiyi ölkələrdə tərəfdaşları ilə birgə “5by20” proqramı 10 il müddətində icra olunub. “AIM–W” layihəsi də həmin proqramın bir hissəsidir. Qeyd etmək istəyirəm ki, proqram 2020-ci ildə 5 milyon qadının iqtisadi imkanlarının artırılması nəzərdə tutsa da, bundan daha çox - 6,2 milyon qadına dəstək olub”.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli keçirilmiş təlimlərdən danışıb: “8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində bu tədbiri keçirməyimiz xüsusilə əlamətdardır. Son illərdə ölkənin inkişafında qadınların rolu artıb. “Coca-Cola” şirkətinin dəstəyi ilə regionlarda yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün həvəsləndirici fəaliyyətlər həyata keçiririk. Mən iştirakçı qadınlara xüsusi təşəkkür edirəm. Onlar öz dəyərli vaxtlarını həm şəxsi, həm də cəmiyyətin inkişafı üçün səfərbər etdilər. İnanıram ki, sizin gələcək karyeranızda bu layihə xüsusi yer tutacaq. ASAN könüllüləri olaraq sizin inkişafınızla bağlı fəaliyyətləri daim dəstəkləməyə hazırıq”.
Şamaxı regional “ASAN xidmət” mərkəzinin direktoru Zəka Muradov bu təlimlərə hələ ötən ildən hazırlaşdıqlarını vurğulayıb: “Pandemiya ilə əlaqədar təlimlərimizi bir il sonra, onlayn formatda həyata keçirə bildik. Təlimlərdən sonra hər bir iştirakçının rəyini öyrəndik. Ümumi rəy belədir ki, çox faydalı təlimlər keçib. Şamaxı turizm zonası yolu üzərində yerləşir, ancaq turizmdən kənarda qalırdı. Əminəm ki, xanımlarımız bu layihədə öyrəndiklərini, təhlil və analiz bacarıqlarını öz rayonlarında tətbiq edəcəklər. Onların fəaliyyətində həm layihə təlimçilərinin, həm də bizim daim mentorluq dəstəyimiz davam edəcək”.
“ASAN Könüllüləri” təşkilatının sədri Emiliya Bayramova da təlim iştirakçılarına və tərəfdaşlara öz minnətdarlığını çatdırıb: “ASAN Könüllüləri artıq illərdir ki, müxtəlif sosial istiqamətlərdə layihələr həyata keçirir. “AIM-W” də həmin layihələrdən biridir. Layihə iştirakçılarının hər birinə uğurlar diləyirəm. Əminəm ki, gələcəkdəki fəaliyyətlərində, gələcək uğurlarında bu layihənin faydalarından yararlana biləcəklər”.
Layihənin Türkiyədən olan təlimçilərindən Soner Şahan da layihə təşkilatçılarının önəmli iş gördüklərini bir daha diqqətə çatdırıb: “Biz bu layihədə tərəfdaşlarımız, “Coca-Cola” Fondu, “ASAN xidmət” və “ASAN Könülləri” Təşkilatı ilə elə ilk gündən bəri çiyin-çiyinə çalışırıq. Nəinki Şamaxı, digər regionlardan da təlimlər keçdiyimiz xanımlar çox aktiv və məsuliyyətlidirlər. Daim bizimlə əlaqə saxlayır, müxtəlif mövzularda tövsiyələr alırlar”.
Şamaxı təlimlərinin iştirakçı Pərvanə İsmayılova öz təəssüratlarını bölüşüb: “Mən “AIM-W” layihəsinin Şamaxı təlimlərinin hamısında iştirak etmişəm. Bu təlim Şamaxı və ətraf bölgələrin xanımlarının inkişafı üçün əla fürsətdir. Bu kimi layihələrin həyata keçirilməsi qadınların gələcək karyeralarına mühüm töhfə verir. Mən də öz gələcək karyeram üçün bu təlimlərdən çox dəyərli məlumatlar əldə etdim”.
Şamaxı təlimlərində 135 qadın iştirak edərək öz sahibkarlıq ideyalarını irəli sürüb, öyrəndiklərinin əsasında təlimçilərin dəstəyi ilə biznes planlarını hazırlayıb. Layihə çərçivəsində təqdim olunan 20 ideyadan təlimin mövzusuna uyğun turizm sahəsində olanlar seçilib və biznes layihə halında hazırlanıb.
Layihə üzrə təlimlər bundan əvvəl Sumqayıt, Gəncə, Quba, Mingəçevir və Şəki iqtisadi zonalarını da əhatə edib. Təlimlərə altı iqtisadi zonadan ümumilikdə 1061 qadın qoşulub. Təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Qadınların işgüzar inkişaf platforması olan “AIM–W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə, onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2021-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir. Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az