2021-ci ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqları barədə yaddaş
15 iyul
Gəlir və Mənfəət vergisi: Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.
Birinci metod: Hər rüb üçün cari ödəmələrin məbləği əvvəlki vergi ilində hesablanmış verginin 1/4 hissəsi məbləğində müəyyən edilir.
İkinci metod: Cari rübdəki gəlirin məbləğini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyən edilir. Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dən gec olmayaraq bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilndə fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməlrini təqvim ili ərzində rüblər üzrə artan yekunla hesablamalı, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalı, rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir.
Qeyd: Mikro sahibkarlıq subyektləri cari vergi arayışını təqdim edərkən (Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrindəki vergi güzəştlərini tətbiq edə bilərlər.)
Məcburi dövlət sosial sığorta haqqı: Hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq ödənilir.
İşsizlikdən sığorta haqqı: Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə ödənilir.
İcbari tibbi sığorta haqqı: Hər ay üzrə əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
22 iyul
Gəlir vergisi (Xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir. Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi” hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.
Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.
Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.
Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.
Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.
Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üçün (o cümlədən idman mərc oyunlarının operatorları və satıcılarının bu fəaliyyəti üzrə) hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.
Sadələşdirilmiş vergi (Bina tikintisi fəaliyyəti üzrə): Bu fəliyyəti ilə məşğul olan və sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər. Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.
Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq "Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi"ni vergi orqanına verməyə borcludurlar.
Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi" vergi orqanına təqdim edilir.
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Ödəmə mənbəyində tutulan digər vergilər: Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-dövlət pensiyaları və ödəmə mənbəyində vergiyə cəlb olunmalı olan digər ödəmələri verərkən bu gəlirlərdən vergini tutmalı, tutulmuş məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə də bəyannaməni vergi orqanına təqdim etməlidirlər.
Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə aparılan ödəmələrdən ödəmə mənbəyində tutulan verginin hesabat dövrü rübdür. Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.
Dövlət rüsumu: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildilərək iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı): Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (bundan sonra Bəyannamə) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqında” Qanunun 15-2.2-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir. Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.