Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İctimai şuranın üzvləri imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda vətəndaş cəmiyyəti platformasının resurslarından geniş istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai şura yaradılıb.
İctimai şuranın üzvü, "Şirvan" qəzetinin baş redaktoru Könül Məmmədovanın Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova ilə müsahibəsi:
Tünzalə xanım, İctimai şuranın üzvləri- filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı Rayon Ağsaqqallar şurasının sədri, əməkdar müəllim Alicanov Mayıl, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Əliyev Rövşən, Heydər Əliyev Mərkəzinin direktoru Eyvazova Könüllə birlikdə Şuranın üzvü kimi mən də tələbələrin imtahan prosesini izlədim, filialda yaradılan təlim, tədris şəraiti ilə yaxından tanış oldum.
Mənimçün çox maraqlıdır- bu tanışlıq Şura üzvlərində hansı təəssürat yaratdı?Mən də tam səmimiyyətlə deyirəm ki, istər imtahan prosesini izləməkdən, istərsə tələbələr üçün filialda yaradılan təlim, tədris şəraitindən çox razı qaldıq. Əmin olduq ki, tələbələrin biliklərə yaxşı yiyələnmələri üçün, bir sözlə, sabahın əsl pedaqoqlarının hazırlanması üçün bu ali təhsil ocağında ideal şərait var.
İctimai Şuranın işimizə bu cür yüksək dəyər verməsi bizim üçün qiymətlidir. Təşəkkür edirik.
Özünüz də şahid oldunuz ki, 29 dekabr 2022-ci il tarixindən ADPU-nun Şamaxı filialında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Filialda imtahanların obyektiv şəkildə qaydalara uyğun keçirilməsi üçün əvvəlcədən gərəkli olan bütün hazırlıq işləri görülüb. İmtahanlar müddətində həm də valideynlərin, ictimaiyyət nümayəndələrinin və filialın İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin olunub.
Ulu Öndər Heydər Əliyev deyirdi ki;- "Təhsil millətin gələcəyidir." Doğrudan da, millətin, xalqın gələcəyi haqqında düşünənlər ən əvvəl onun təhsilinə diqqət yetirirlər.
Əlbəttə, ölkənin inkişafı, tərəqqisi xalqın təhsilindən asılıdır. Yüksək səviyyəli təhsil xalqın xoşbəxtliyi deməkdir. Yəqin ki, diqqət yetirmisiniz- inkişaf etməkdə olan ölkələrdə ali təhsilə olan tələbin sürətlə artması cəmiyyətin və dövlətin bu sahəyə olan diqqətinin də yüksəlməsi ilə nəticələnmişdir. Bir çox ölkələrdə ya yeni ali təhsil qurumları yaradılır, ya mövcud ali təhsil qurumlarının potensialı artırılır, ya da ali təhsil qurumları şəbəkəsinin optimallaşdırılması həyata keçirilir.
Yüksək ixtisaslı kadrların hazırlanması, bununla da davamlı inkişafa ciddi zəmin yaradılması üçün ən ümdə vəzifələrdən biri, sözsüz ki, ali təhsilin keyfiyyət göstəricilərinin maksimum yaxşılaşdırılmasıdır.
Sizinlə tamamilə razıyam. Bu məqsədlə tədris zamanı ən mütərəqqi üsullardan istifadə etməyə çalışırıq. Tələbələrin təhsilində pedaqoji təcrübənin düzgün təşkilinin də əhəmiyyəti böyükdür. Onların pedaqoji təcrübəyə hazırlığında elmi-nəzəri və metodik biliklərə dərindən yiyələnməsində, xüsusən tədrisin humanist və demokratik əsaslarla aparılmasına xüsusi diqqət yetirilir. Fəal təlim metodlarına-interaktiv təlim üsullarına geniş yer verilir.
Məqsədiniz...
Məqsədimiz aydındır- tələbələrimizə pedaqoji sahədə ən yaxşı təhsil və ən müasir bilikləri verməkdir. Bir sözlə, gələcəyimiz üçün savadlı və ixtisaslı kadrlar hazırlamaq. Yeri gəlmişkən, bu müqəddəs vəzifənin yerinə yetirilməsində İctimai Şuranın nəzarətini yüksək qiymətləndirirəm. Bu, kollektivə öz işini daha məsuliyyətlə yerinə yetirməyə sövq edir.
Biz imtahanlar bitdikdən sonra filialın tədris binası, son dövrlər aparılan yeniliklər və irəli sürülən layihələrlə də tanış olduq.
İctimai şura filialımızın ibtidai sinif müəllimliyi ixtisasının məzunu Ağayeva Nərgizə “fərqlənmə” diplomunu təqdim etdi, ona uğurlarının davamlı olmasını arzu etdilər. Bu, bizim üçün də həm həyəcanlı, həm də fəxr ediləsi, unudulmaz anlar idi. Tələbələrinin uğurlarını görmək müəllim üçün böyük sevincdir. Qeyd edim ki, Nərgiz filiala 512 balla daxil olmuş və təhsil aldığı müddətdə seçilən tələbələrindən olmuşdur.
-Müsahibə üçün sizə təşəkkürümü bildirirəm. Təmsil olunduğum İctimai şuranın üzvləri rəhbərlik etdiyiniz ali təhsil ocağı haqqında müsbət fikirlərini rəy və təkliflər kitabına qeyd etmişik. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
Sağ olun.
"Şirvan" qəzetinin baş redaktoru
Könül Məmmədova