2020-ci il dekabrın 10-da Azərbaycanın qələbəsi şərəfinə Zəfər paradı keçirildi


 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

                     Azərbaycan Respublikasının Prezidenti,Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev.

Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətin əsas prioritet məsələlərindən biri, heç şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi oldu.  

44 günlük Vətən müharibəsi dönəmində biz bunun müsbət nəticələrini gördük. Son 17 il ərzində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan kompleks işlər bizə savaş meydanında son 200 ilin ən möhtəşəm qələbəsini bəxş etdi. Orduda bir nəfər də olsun fərari olmadı. Hətta yaralı əsgərlər döyüş meydanından çıxmır, son damla qanına qədər düşmənə qarşı döyüşməyi özünə şərəf bilirdi. Nəticə isə göz önündədir: Ermənistan dövləti vətənsevər azərbaycanlı gənclərin önündə diz çökdü! 

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.  Dövlət başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi. Müraciəti zamanı İlham Əliyev xalqa Şuşanın işğaldan azad olunması xəbərini verib. 

Prezident Şuşanın azad olunması ilə ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirildiyini də qeyd edib: 
“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Zəfər paradının bir əlamətdar hadisəsi də o oldu ki, Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

Həmin tarixi gündə Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları keçdi. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər birinin əməkdaşları yüksək orden və medallarla təltif olundular. 

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərmişdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir. 

Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.

44 günlük müharibənin hər günü şanlı tarixdir. Bu savaşın ilk günündən qəhrəman əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbələr endirdilər. Könüllülər döyüş üçün sıraya düzüldülər. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

Prezident İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində demişdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Ermənistan 44 günlük Vətən müharibəsi nəticəsində, demək olar ki, ordusuz qaldı. Ən əsası illərlə Ermənistan cəmiyyətində şişirdilmiş saxta miflər havaya uçdu. Belə ki, Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.

Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq.

Vətən müharibəsi Zəfərlə sona çatdıqdan sonra  əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırıldı. Bu məqsədlə Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olundu - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.

Qələbəmizi əbədiləşdirmək üçün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılması nəzərdə tutulmuşdur. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olmuşdur. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olur. 

Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və  qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. "Məğlubedilməz"  Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-Azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi "İskəndər M" tipli raket sisteminin qalıqlarının da nümayiş olunduğu Qənimətlər Parkı "Dəmir yumruq" əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.

44günlük Vətəb müharibəsi xalqımızın, dövlətimizin, ordumuzun sınaq meydanı oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşmişdir.

2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Eyni zamanda ikinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparılmış və siyasi müstəvidə vəziyyət sağlamlaşmışdı. Beynəlxalq müstəvidə isə Azərbaycana sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmiş, qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılmışdı. Biz sözlə, Azərbaycan addım-addım zəfərə doğru inamla getmiş və ölkənin hərtərəfli inkişafı, iqtisadi qüdrəti qələbə üçün zəmin yaratmışdı.

Böyük Zəfərin qazanılmasını şərtləndirən əsaslardan biri də, sözsüz ki, qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılması idi. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi.

Əlbəttə, qələbənin qazanılmasında ölkəmizin güclü iqtisadi inkişafı mühüm rol oynadı. Bu amil ordumuzun müasir silahlarla təchiz olunmasında əhəmiyyətli sözünü dedi. 

Torpaqlarımızın düşmən tərəfindən ilhaq edilməsi isə təxminən 30 ildən də  əvvələ gedir. 1990-cı illərin başlanğıcında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.

Hərbi uğurumuzu möhkəmləndirən amillərədn biri də uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.

Münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu, düşmənin məğlubiyyətin sübutudur. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alırdı. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çox­saylı mülki şəxsin həlak olması ilə nəticələnirdi. Bu, Zəfərimizin təntənəsinə kölgə salmaqda aciz idi. Düşmən döyüş meydanında məhv edilmidi.

Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Müharibə başlayan andan sonunadək Türkiyə rəsmilərinin Azərbaycanın haqq işinə dəstəyi ədalət savaşında tək olmadığımızı göstərdi və dünya birliyinə yeni bir qardaşlıq nümunəsi təqdim olundu.  
  
Zəfər paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etməsi iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi idi. 

Zəfər paradında Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az