Prezident İlham Əliyev cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib


Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyulduğunu həmkarlarının diqqətinə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi: "Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu.
Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı."

Çıxışında Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, qətllər, dağıntılar haqqında söz açan Prezident İlham Əliyev onların  Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə belə cinayətlərin aparıldığını xüsusi vurğulayıb. Ölkə başçısı qeyd edib ki,  Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. İşğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar edilməsi erməni vəhşiliyinin daha bir sübutudur. 

Prezident İlham Əliyev məkrli erməni xislətinin daha bir faktını plenar iclas iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir." 

Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: "Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır". Prezident əlavə edib ki,minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır: "Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb".

Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam etməsi iki ölkə arasında aparılan sülh danışıqlarına ciddi zərbə vurur və Ermənistanın bu danışıqlarda tutduğu qeyri-səmimi mövqeyindən xəbər verir. Belə təxribatlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. 

Dövlət başçısı deyib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu: “Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
“Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”, - deyə Prezidenti qeyd edib.

Dövlətimizin başçısı çıxışında Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələrindən də söz açıb və bildirib ki, ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistikamərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunu təsdiq edir. Artıq Azərbaycanın ən etibarlı tərəfdaş olması onun siyasi çəkisini ildən-ilə artır. Ölkəmizin sədrliyi yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Prezident İlham Əliyev deyib: "Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstəririk. Azərbaycan Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan, Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı qeyd edilməlidir. Biz COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik."


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az