21 Fevral - Beynəlxalq Ana Dili Günüdür


Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Dil millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

1999-cu ildə BMT-nin təşəbbüsü ilə YUNESKO-nun baş konfransında 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan olunan vaxtdan bu gün münasibətilə dünya ölkələrində, məktəblərdə, universitetlərdə ana dili ilə bağlı tədbirlər, seminarlar keçirilməyə başlandı.

Ana Dili Gününün yaranma tarixi əslində bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.

YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

21 Fevral - Beynəlxalq Ana Dili Günü Azərbaycanda da qeyd olunur.

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olunub. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilib.

Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Dilimizin dövlət dili müstəvisində tanınması, onun milli və beynəlxalq arenalarda təmsil olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb.

Ulu öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edildi. Dahi rəhbərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin hərtərəfli inkişafına, zənginləşməsinə, onun diplomatik aləmə yol açmasına göstərdiyi qayğı və fədakarlıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Bu ənənələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı, bu istiqamətdə görülən işlər Azərbaycan dilinin inkişafına böyük qayğının təzahürüdür.

Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az