Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünün 60 illik yubileyini Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində işğaldan azad edilən Qarabağ torpağında qeyd edib
Dövlətimizin başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.
Ölkə başçısının burada yeni tipli Komando hərbi hissənin açılışında iştirak etməsi bir daha göstərdi ki, müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələləri hər zaman dövlətimizin diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Dövlətimizin başçısı bu sahədə görülən işləri Hadrutda açılan yeni hərbi hissənin açılışında konkret faktlarlarla bildirib: "Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır."
Komando briqadasının Hadrutda yerləşdirilməsi sıradan, adi bir qərar deyil. Bunun həm mənəvi, həm də siyasi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, vaxtilə düşmən Hadrutdan bizə qarşı kifayət qədər təhdidlər, bir sıra hərəkətlər həyata keçirirdi. Söhbət vaxtilə yaxınlıqdakı Füzuli, Xocavəndlə bağlı düşmənin gerçəkləşdirdiyi addımlardan gedir. İndi ora bütövlükdə Azərbaycan Ordusunun nəzarəti altındadır. Komando briqadası vəziyyətin tam şəkildə bizim nəzarətimiz altında olacağına imkan verəcək. Açılışdakı çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bildirdi ki, Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Ddigər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir.
Xatırladaq ki, Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsində düşmənə qarşı apardığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab olunur. Şuşaya yol açan Hadrut əməliyyatının hərbi-strateji əhəmiyyəti xüsusilə vurğulanır. Prezident, Ali Baş Komandan İlham Əliyev də bu günlərdə Hadruta səfəri zamanı ordumuzun həyata keçirtdiyi bu əməliyyatı xüsus qeyd edib.
Füzulidən başlayan və Araz çayı boyunca gedən hərbi əməliyyatların şimala, yüksəklikdə yerləşən Hadruta qədər davam etməsi və Hadrutun azad olunması qarşı tərəfdə ciddi bir psixoloji-mənəvi uğursuzluğa şərait yaratdı. Hadrutun azad olunmasına qədər düşmən tərəfdə belə bir düşüncə var idi ki, keçmiş “Dağlıq Qarabağ"a toxunulmayacaq, əməliyyatlar daha çox Dağlıq Qarabağın ətrafında gedəcək. Bu məsələ Azərbaycan insanı üçün də önəmli idi. Bundan əvvəl bu şəkildə genişmiqyaslı əməliyyatlar həyata keçirilməmişdi. Hadrutun azad olunması Azərbaycan Ordusunun mənəvi-psixoloju ruhunu yüksəltdi. Ddüşmən fərqinə vardı ki, bu torpaqlarda duruş gətirə bilməyəcəklər.
Hadrutdan sonra növbəti məntəqələrin azad olunması isə məhz Laçın koridorunun tez bir zamanda azad olunması imkanını yaradırdı. Bundan sonrakı əməliyyatlarda məhz Güləbridin azad olunması ilə Şuşaya uzanan sıldırım qayaların, meşəliklərin artıq Azərbaycan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsi baş verdi. Şuşaya giriş qarşı tərəfin dəyərləndirmədiyi, görə bilmədiyi sıldırım qayalardan icra olunmuş əməliyyatlar nəticəsində baş tutdu. Burada da Hadrutun azad olunması ciddi önəm kəsb edir. Hadrutun azad olunmasından sonra biz Qırmızı Bazar ətrafında gedən döyüşləri həyata keçirə bildik.
Prezident İlham Əliyev yeni hərbi hissənin Hadrutda açılışında qarşı tərəfə ciddi xəbərdarlıq edərək bildirib ki, əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Bunu etmək üçün siyasi iradə və güc var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir.
Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağımızın incisi, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinə gəlib.
Şuşanın məşhur Cıdır düzündə çıxışında Qalib Sərkərdə olaraq torpaqlarımızın işğaldan azad olunmasını böyük qürur hissilə bir daha qeyd etib. Bildirdi ki, Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq. Bu Zəfərin təməlində isə xalqımızın bir amal uğrinda, bir müqəddəs ideya uğrunda birləşməsi və bu yolda cəsarəti, dönməz mübarizəsi dayanır: "Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm o vaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz- bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu."
Cənab Prezident Şuşa sevgisini duyğusal sözlərlə dilə gətirib. Həyatının əlamətdar gününü burada- Şuşada, Cıdır düzündə qeyd etməsini də bununla bağlayıb.
Prezident bu cür əlamətdar günlərində şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezidentin, 60 illiyini də Qarabağda- Şuşada keçirməsi onun xalqına olan sonsuz məhəbbətindən xəbər verir. Qarabağımızı 30 illlik işğaldan azad edən Müzəffər Ali Baş Komandanımız uzun həsrətdən sonra Şuşada Cıdır düzündə yenə də Azərbaycan musiqisinin səslənməsini bu torpaqların əsl sahiblərinin doğma yurdlarına qovuşması kimi təsdiq etdi.
Prezident İlham Əliyev çıxışında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərini iftixar hissilə xatırladı: "Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir."
Müzəffər Ali Baş Komandan bu Böyük Zəfəri, Şanlı Qələbəni hamımızın- bütün Azərbaycan xalqının böyük tarixi uğuru hesab edir.