Türkmənistanın paytaxtı Aşqabad şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında Prezident İlham Əliyev çıxış etdi


Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxış edən Azərbaycan Prezidenti İƏT-lə, Azərbaycanla, ev sahibi ölkə ilə bağlı və digər vacib istiqamətlərdə fikirlərini bölüşüb. Dövlət başçısı Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, beynəlxalq platformalarda, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə çox səmərəli işbirliyi yaratdığını vurğulayıb.

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik."- Bu fikirləri Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışında söyləyib.
Dövlətimizin başçısı deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artdığını qeyd edən dövlət başçısı çıxışında bildirib ki, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir- bu, ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar sayəsində mümkün olub. Qürurverici faktdır ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur.

Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşdığını bildirən Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışıda onu da diqqətə çatdırıb ki, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

"Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır"- deyən Prezident İlham Əliyev bununla bağlı fikirlərini belə bölüşüb: "Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.
Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir".

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxışı zamanı dövlətimizin başçısı torpaqlarımızı düşmən işğalından azad etdiyimizi də Toplantı iştirakçılarının diqqətinə çatdırıb. Deyib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı işğal olunmuş ərazilər 30 il ərzində rəsmi İrəvan tərəfindən vandalizmə məruz qalmasından da söz açıb. Bildirib ki, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapdı. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Xüsusi əhəmiyyət kəsb edən haldır ki, təbrik edən ölkələrin üçü- Qırğızıstan, Özbəkistan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, bu ölkələrin Ermənistanla eyni blokda təmsil olunmalarına baxmayaraq, onlar Azərbaycanı Qələbə münasibətilə təbrik edir və Azərbaycanla fərqli deyil, eyni mövqedə durduqlarını ortaya qoyurlar. Bu isə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurundan xəbər verir.

Torpaqlarımızın işğaldan azad olunmasından dərhal sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı quruculuq və yenidənqurma işlərinə başladı. Xüsusi qeyd olunmalı məqam ondan ibarətdir ki, bu işdə Azərbaycan heç kimdən maliyyə dəstəyi almadan, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Prezident İlham Əliyev bütün işlərə şəxsən özü rəhbərlik edərək burada ən müasir texnologiyaların tətbiq olunduğunu bildirir.

Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

Zirvə Toplantısının ən vacib məqamlarından biri İƏT üzv dövlətlərinin Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikirləridir. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir. Belə ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir. Bu günə kimi Rusiya Prezidentinin nitqində də dəfələrlə kommunikasiya və dəhlizlərin bərpası məsələsinə toxunulub. Soçi görüşündən sonra Aşqabad sənədində yer alan məqamlar, burada səsləndirilən fikirlər də ondan xəbər verir ki, Zəngəzur dəhlizinin daha qısa zaman çərçivəsində reallaşma imkanı mövcuddur. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli parçasına çevriləcək ki, birbaşa avtomobil əlaqəsinin istifadəyə verilməsi həm də təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcək.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az