Qlobal Bakı Forumu : Yeni dünya iqtisadiyyatı


Qlobal Bakı Forumu ən aktual müasir çağırışları müzakirə etməyə imkan verən çox mühüm hadisədir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biridir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezidentin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz artıq səkkizinci dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib. 2013-cü ildən bugünədək sayca 8 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumu Covid-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Forumun gündəliyi çox genişdir. Adından da göründüyü kimi Forumun  əsas müzakirə mövzusu qlobal gündəlikdə duran bir nömrəli məsələ - pandemiya ilə bağlıdır. Bundan əvvəl də Azərbaycan qlobal müstəvidə pandemiya ilə əlaqədar görüşlərin təşəbbüskarı olmuşdur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanın təşəbbüsüylə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi. Qoşulmama Hərəkatının Sammitində Prezident BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdi. Bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu.
Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım etdiyini, təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etdiyini xüsusi vurğuladı. Eyni zamanda, dövlətimiz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi edib.
 Çıxışında Vətən müharibəsinə də toxunan dövlət başçısı qeyd etdi ki: "Regional təhlükəsizlikdən söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.
Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir."
Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.
Latviya Prezidenti Eglis Levits videomüraciətində Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirərək, dünyanın hazırkı vəziyyətinin dəqiq nizam-intizam və qlobal səfərbərlik tələb etdiyini vurğuladı. Böyük Britaniyanın Azərbaycandakı səfiri Filip Barkley Böyük Britaniya Hökuməti və öz adından Qlobal Bakı Forumuna uğurlar arzulayaraq, Böyük Britaniyanın Baş naziri Boris Consonun Foruma ünvanladığı müraciətin mətnini oxudu. Boris Conson Birləşmiş Krallıq ilə Azərbaycanın tərəfdaşlığını, Bakı Forumunun dünya üçün əhəmiyyətini qeyd edərək bildirirdi ki: "Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq. Gələcək illərdə tərəfdaşlığımızın davamlı inkişafına ümid edirəm”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından çıxış edən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım da Forumun əhəmiyyətini vurğulayaraq: Bakı Forumunun mövzusunun “COVID-19-dan sonrakı dünya” olaraq müəyyənləşdirilməsini də vaxtında və tam yerində olan düşüncə olaraq görürəm. Forumun həmsədrlərini və bütün heyətini bu gözəl mövzuda toplantı təşkil etdikləri üçün təbrik edirəm - deyə qeyd etdi.  Roma Papası Fransisk tədbir iştirakçılarına xüsusi müraciətində  Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə təsadüf edən bu mühüm tədbiri beynəlxalq birlik rəmzi kimi dəyərləndirdi. COVID 19-un Forumun gündəliyinin əsas mövzularından biri olmasının əhəmiyyətini xüsusi vurğulayan Roma Papası tədbir iştirakçılarına uğurlar arzulaydı. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus videobağlantı vasitəsilə çıxış edərək İlham Əliyevə Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı göstərdiyi və Qoşulmama Hərəkatının sədri kimi peyvəndin digər ölkələrlə bölüşdürülməsi təşəbbüsüylə çıxış etdiyi üçün öz minnətdarlığını bildirdi. Dünyanın hər bir yanından dövlət, hökumət nümayəndələri səviyyəsində olunan bu müraciətlər onu göstərir ki, Bakı Forumu sərhədləri aşaraq beynəlxalq bir tədbir kimi öz yerini tutub.
Panellər formasında təşkil olunan tədbir çərçivəsində “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq. Azərbaycan qlobal səviyyədə atdığı addımlarla, həmçinin “COVID-19-dan sonrakı dünya” mövzusunda   Qlobal Bakı Forumuna ev sahibliyi etməklə bu xəstəliyin öhdəsindən gəlmək üçün beynəlxalq ictimaiyyətin səylərinin daha da birləşdirilməsinin və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsinin zəruriliyini vurğulayır.
Bu gün Qlobal Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən  fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə  forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına gətirib çıxarır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərə dünyanın  görkəmli siyasətçiləri dəvət edilir. Bütün bunlar Azərbaycanın rolunu xeyli dərəcədə gücləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az