Prezident İlham Əliyev 2021-ci il 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb


Ermənistanın hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə rəşadətli Ordumuzun 2020-ci il 27 sentyabr tarixində başladığı əks-hücum əməliyyatları nəticəsində erməni hərbi birləşmələri darmadağın edildi. 30 ildir işğal altında qalan torpaqlarımız azadlığına qovuşdu.
Vətən müharibəsində Füzulinin azad edilməsi məqsədi ilə keçirilən hərbi əməlyyat Ordu komandanlığının yüksək peşəkarlığını, əsgər və zabitlərimizin fədakarlığını, qalib gəlmək əzmini bir daha nümayiş etdirdi.
Füzuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli,Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi.
Bu il oktyabrın 17-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Füzuli rayonunun işğaldan azad olunmasının ildönümündə bu şəhərə səfəri rayon ictimaiyyətinin həyatında unudulmaz anlarla yadda qaldı.
Həmin görüşdə dövlətimizin başçısı Füzulinin işğaldan azad edilməsinin əhəmiyyətini belə səciyyələndirdi: "Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz.
Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi
burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır."
Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, daha sonra isə Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu.
...44 günlük müharibədə Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi Ordumuzun gücünə güc qatırdı. Bu birlik Böyük Zəfərin qazanılmasında başlıca amil idi.
Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində həyatın bərpa olunması, sakinlərin öz doğma yurdlarına qayıdıb məskunlaşması üçün böyük çətinliklər var. Çünki erməni vandalları bu yerləri söküb-dağıtmaq, viran qoymaqla yanaşı, həmin ərazilərə çox sayda minalar basdırıblar. Minalardan təmizləmə işləri isə çox çətin və təhlükəlidir, həm də vaxt tələb edir.
Prezident İlham Əliyev bu çətinliyin də öhdəsindən gələcəyimizə inanır: "Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı
təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin- Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.
Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq - texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir."
Prezident bildirib ki, Füzuli rayonunda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir.
Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilməsi bunun əyani sübutudur. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar,
vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.
Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihəgələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.
Füzuli şəhərinin baş planının layihəsi hazırlandığını deyən dövlətimzin başçısı əminliklə bildirib ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.
Ölkə rəhbərinin Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi bu sözlər hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur: "Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz tarixə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq. Əminəm ki, bütün planlarımız- bu günə qədər bəyan edilən bütün hədəflər necə edilmişdisə- növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq., ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq."
Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, tarixi həqiqətlər təhrif olunmadan gələcək nəsillərə çatdırılmalıdır.
Məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Bu gün Azərbaycan müstəqil ölkə olaraq Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az