booked.net

ŞUŞA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN BEŞİYİDİR


Xalqımızın yaddaşında unudulmaz tarixdir: 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul- 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi.
Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə- yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.
2021-ci il 30 avqust tarixində Şuşada Vaqif Poeziya günlərinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev şairin məqbərəsinin bərpa olunduğunu böyük iftixar hissilə vurğulayıb və Şuşada işğaldan əvvəl keçirilmiş Vaqif Poeziya günlərini xatırlayıb:
"…təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi".
İlham Əliyev deyib ki, o zaman atasının 59 yaşı var idi: "Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq,"- o deyib.
Zəfər yolu artıq inkişafın və azad olmuş torpaqlara yeni həyatın qaytarılmasının rəmzinə çevrilib. Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır. Şuşanın elektrik təsərrüfatı, Şuşaya suyun verilməsi bərpa edildi, tarixi abidələrin bərpasına start verilmişdir. Üç məsciddə təmir-bərpa işləri davam edir. Ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın dahi şəxsiyyətlərinin- Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyulmuşdur.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunan Şuşa şəhərinin baş planında şəhərin orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.
Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.
Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.
Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur.
Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3,4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.
İlham Əliyev Şuşanın bərpa işlərinin sürətlə getdiyindən, tezliklə yerli sakinlərin bura qayıda biləcəyindən danışıb. Dövlətimizin başçısı bildirib ki, hazırda Şuşaya iki mənbədən su gəlir və burada "Xarıbülbül" oteli istifadəyə verilib, "Qarabağ" hoteli əsaslı təmirdən sonra fəaliyyətə başlayıb və yeni 150 otaqlı, beşulduzlu otel də tikiləcək.
"Mənfur düşmən həmin yerdə dırnaqarası "Dağlıq Qarabağ respublikası"nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. "Dağlıq Qarabağ respublikası" anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi. Beşulduzlu otel gözəl yerdə inşa ediləcək,"- o deyib.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, 30 ilə yaxın davam edən danışıqlar prosesinin heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, ikinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç bir vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Qəhrəman Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğala son qoydu, torpaqlarımız azad olundu. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və Azərbaycan yenidən nəfəs almağa başladı. Dözüm, səbir, ədalətə inam öz Prezidentinə inam Azərbaycan xalqını Qələbəyə gətirdi.
İndi ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə edilən uğurlar imkan verir ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın həm işğaldan azad olmuş ərazilərində, həm də bütünlükdə ölkə üzrə hərtərəfli sürətli inkişafa nail olmaq üçün nəzərdə tutulan bütün layihələr həyata keçirilsin.
Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, "Şuşa" hotelində təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan "Qarabağ" hotelində Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.
Dövlətimizin başçısı deyib: “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər,
eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda "Üçüncü Bahar" Festivalı keçirilib

“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda "Üçüncü Bahar" Festivalı keçirilib

  • Bu gün, 09:34 27 sentyabr- Anım Günü
    8.09.2021, 10:41 TƏLƏBƏ ADIN MÜBARƏK!
    12.08.2021, 09:00 SƏNİNLƏYİK, TÜRKİYƏM!
www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az