Şahxəndan türbəsində konservasiya işləri yekunlaşmaq üzrədir


Şahxəndan türbəsində konservasiya işləri yekunlaşmaq üzrədir 

Dahi Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olub. Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı tədris ocaqlarının tələbinə cavab verəcək dərəcədə kamil təhsil ala bilib. Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəyərək, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə yiyələnib. Tale elə gətirib ki, şair Şamaxını tərk etməyə məcbur olub və 1417-ci ildə Suriyada edam edildikdən sonra, Hələb şəhərində dəfn edilib.
Tarix müəllimi Cavid İslamov AZƏRTAC-a bildirib ki, o dövrün siyasi prosesləri Nəsiminin Şamaxıda yaşamasına imkan verməyib. O, siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif bölgələrdə öz ideologiyasını, fikrini, dini biliklərini yaymağa davam edib.
Cavid İslamovun sözlərinə görə, İmadəddin Nəsimi Şamaxını tərk edərkən, onun sevimli qardaşı Şahxəndan və qohumları Şamaxıda qalıb: “Düzdür, Nəsiminin qəzəlləri, şeirləri qədər məşhur olmasa da, bəzi mənbələrdə Şahi Xəndanın şeirlərinə də rast gəlmək mümkündür”.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfael Tağızadə qeyd edib ki, Şahxəndan da sufi, dərviş, həm də şair olub. “Şahxəndan qardaşı Nəsimi ilə birlikdə Şamaxıda musiqi və poeziya məclisi yaradıb. Nəsimi sufiliyin bir qolu olan Hürufilik ideyalarını yaymaq üçün Şamaxıdan ayrılandan sonra həmin məclisə Şahxəndan rəhbərlik edib. Şahxəndan XIV əsrin sonlarında ölüb”, - deyə o əlavə edib.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarı Şamaxı şəhərində olan qəbiristanlıqdakı məqbərədədir. Yerli əhali və Şamaxıya gələn qonaqlar bu abidəni ziyarət etməklə Şahxəndana və onun sevimli qardaşı Nəsimiyə olan ehtiramlarını göstərirlər.
Azərbaycanın orta əsr maddi-mədəniyyət abidələri içərisində Şahxəndan türbəsi memarlıq üslubu və tarixi yükü ilə fərqlənir. Səkkizguşəli formada olan bu türbənin üst hissəsi günbəz şəklindədir. Bir giriş qapısı olan türbənin hündürlüyü 8 metrdir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etmişdi. Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahxəndanın türbəsinin ətrafında abadlaşdırma işləri aparılıb. Yaxın vaxtlarda abidənin konservasiyası işlərinin yekunlaşacağı gözlənilir.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az