SƏNİNLƏYİK, TÜRKİYƏM!


Qardaş Türkiyədə baş verən meşə yanğınları, bu yanğınların genişlənərək yaşayış zonalarına, şəhər infrastrukturuna ciddi ziyan vurması dövlətimizi, xalqımızı dərindən kədərləndirir.
Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verdi və Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, yenə də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söylədi.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək yazdı: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.
Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Yanğınsöndürmə qrupları hazırda Türkiyənin bir neçə bölgəsində yanğınlarla mübarizə aparır. FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə dünən səhər fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət daha bir nümayəndə heyəti Türkiyəyə gedib.
Yanğın-xilasetmə qrupuna 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir. Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini nəzərə alsaq qürurla deyə bilərik ki,
azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün birlikdə fədakarlıqla çalışırlar.
Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verdi. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirdi. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğuladı.
Prezident İlham Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək, ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirdi. Dövlətimizin başçısı yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırdı.
Biz əminik ki, hər iki qardaş ölkənin səyləri nəticəsində yanğınların qarşısı alınacaq. Bir millət, iki dövlət olaraq bu sınaqdan da üzüağ çıxacağıq.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az