Şamaxı rayonunda son illər abadlıq-quruculuq işləri geniş vüsət alıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonun küçə və meydanlarında, kənd yollarında yenidənqurma işləri aparılır.
Son vaxtlar görülən işlərdən biri Şamaxı şəhərinin Bakı istiqamətindəki girişində yeni dairəvi yol infrastrukturunun qurulmasıdır. Bu ərazi zövq oxşayan yaşıllıqlarla əhatə olunub, xeyli dekorativ ağac və kollar əkilib.
Hazırda daha bir dairəvi yolun rayonun digər istiqamətdə girişində qurulması və bu istiqamətdə magistral yolun genişləndirilməsi işləri sürətlə davam etdirilir. Abadlıq-quruculuq işləri çərçivəsində şəhərdaxili yollarda asfaltlaşma işlərinə başlanılmış, yol kənarı yaşıllıq zolaqlarının salınması, piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə bütün səkilərin yenidən qurulması və dayanacaqların yenilənməsi işlərinə start verilib.
Habelə, Şamaxı-Pirqulu yolunun Əngəxaran və Çuxuryurd kəndlərindən keçən hissələrinə də asfalt örtüyü vurulub, yol kənarlarına müasir işıqlandırma sistemləri quraşdırılıb.
İşlər başlandığı müddətdən bu günədək Şamaxı şəhəri üzrə daxili yollara ümumi uzunluğu 8 min 960 metr olmaqla 63 min 400 kvadratmetr, səkilərə 34 min 884 kvadratmetr asfalt vurulub, 16 min 150 metr bordur çəkilib. Rayonun Çuxuryurd kəndində 2 min 290 metr məsafədə 23 min 631 kvadratmetr olan yola, eləcə də 4 min 532 kvadratmetr səkiyə, Əngəxaran kəndində isə uzunluğu 3 min 466 metr olan yolun 28 min 645 kvadratmetr ərazisinə asfalt örtüyü vurulub.
Ölkə rəhbərinin birbaşa diqqət və qayğısının nəticəsi olmaqla aparılan abadlıq- quruculuq işləri turizm potensialı yüksək olan Şamaxı üçün xüsusi əhəmiyyət kəsb edir.