Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış edib


Prezident İlham Əliyev çıxışı zamanı bir çox mühüm məsələlər barədə açıqlamalar verib. 
Azərbaycanın yerləşdiyi coğrafiyaya diqqət çəkən dövlət başçısı qeyd edib ki, bu, hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlərin  qurulması, Avropa ölkələrinin bir çoxu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ölkəmizə regionlar arasında önəmli körpü rolu  oynamağa imkan verir. 
Prezident İlham Əliyev təəssüflə bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Ermənistan, əslində, özünü bütün bunlardan- Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Halbuki, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. 
Dövlətimizin başçısı vaxt itirməməyə çağırıb, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Bu saziş imzalanarsa, Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Azərbaycan etimadın artırılması üçün kiçik addımların atılmasına belə hazırdır. Ancaq görünən odur ki, Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırması, rəsmi İrəvanın ölümcül silahlar alması, onların ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etməməsi, konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməməsinin bir səbəbi var- yeni hərbi qarşıdurma təhlükəsini törətmək niyyəti.  
Prezident İlham Əliyev Türkiyə ilə İsrail arasında mövcud olan gərginliklə bağlı məsələyə toxunarkən bildirib ki, hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. 
Dövlət başçısı hər iki ölkə arasında gərginliyin azaldılması üçün Azərbaycanın güclü səy göstərdiyini qeyd edib və ümidvar olduğunu buildirib ki, bu proses normallaşmaya aparacaq.
Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərindən də söz açıb və vurğulayıb ki, dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Prezident Trampın hakimiyyətə gəlişi ilə ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır. Artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. 
Dövlət başçısı çıxışında Afrika ölkələri ilə daha güclü əlaqələr qurulmasına da diqqət çəkib və bu istiqamətdə xarici siyasətimizi artıq müəyyən edib təsdiqlədiyini deyib. Biz artıq mühüm məsələləri həll etmələri üçün Afrikadakı bəzi ölkələrə aşağıfaizli kreditlər vermək üzrəyik. Beləliklə, bu, təkcə humanitar deyil, həm də biznes əlaqələri, investisiyalar və əlbəttə ki, siyasi münasibətlər olacaq.
Ölkə rəhbəri Avropanın enerji təhlükəsizliyi məsələlərinə də toxunub və bu problemlərin həllində Azərbaycanın xüsusi rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki,   hətta yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Prezident İlham Əliyev bu səbəbdən Avropa Komissiyasında əyləşənlərə tövsiyə edib ki,  dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. 
Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Azərbaycanın mövqeyini cavablandıran dövlət başçısı bildirib ki, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq: "Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil?"
Prezident İlham Əliyev çıxışında Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı Azərbaycanın oynadığı çox mühüm roldan da bəhs edib. Xüsusi vurğulanıb ki, Türk dünyasında ölkələr arasında münasibətlər Azərbaycan üçün çox vacibdir. Bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. 
Dövlətimizin başçısı vurğulayıb ki, TDT beynəlxalq fəaliyyətini daha da gücləndirməli, qlobal məsələlərdə öz sözünü deməlidir. Ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməliyik.
Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb və bu məsələni tam şəkildə müdafiə edib. "Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”- deyə Prezident İlham Əliyev bildirib. 
Dövlət başçısı beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub. “Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”,- deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”. Qeyd edilib ki, bu ay İran Prezidentinin Azərbaycana səfəri gözlənilir. Son aylar ərzində iki ölkənin yüksəksəviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.
Forumda bildirilib ki, hazırda ölkəmiz Çin Xalq Respublikasının şirkətləri ilə fəal işləyir və onları müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Çin şirkətləri yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar.           
Qonşu Gürcüstanla münasibətlərə gəlincə bildirilib ki, bu əlaqələr Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var. Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlətimizin başçısı bildirib: “Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.
Yeni dünya nizamının inşasında Qoşulmama Hərəkatına üzv dövlətlər də əhəmiyyətli çəkiyə sahibdirlər. Azərbaycan dörd il bu təşkilata sədrlik edib. Dövlət başçısı xatırladıb ki, Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirib, parlament platformasını yaradıb. Azərbaycan Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetirir və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışır.
Suriya ilə münasibətlərə gəlincə, bildirilib ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış edib. Ermənistanın rəhbərliyi ilə Suriyanın o vaxtkı rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.
Prezident Ştaynmayerin Azərbaycana səfərindən söz açarkən dövlət başçısı qeyd edib ki, bu səfər  çox səmimi, mədəni proqramla müşayiət olundu. Almaniya Prezidentinin Azərbaycana ilk səfəri  münasibətlərimizdə mühüm mərhələ hesab etmək olar. Hər iki prezidentin Bakıdan verdiyi bütün mesajlar son dərəcə müsbət və zamanında verilən mesajlar idi. Almaniyadan, xüsusən də yeni hökumətdən Avropa İttifaqı ilə bağlı gözləntilərimiz odur ki, müstəqil siyasət yürütməkdə davam etsin.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az