Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Milli Qurtuluş Günü münasibətilə videokonfrans iştirakçılarını təbrik edib, Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılan, xalqımızın taleyində müstəsna rol oynayan bu əlamətdar günün tarixi əhəmiyyətindən geniş söhbət açıb, məhz 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olunduğunu bildirib.
Konfransda çıxış edən Milli Məclisin deputatı xanım Tamam Cəfərova Ulu Öndərin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti nəticəsində o zaman respublikada yaşanan xaos və anarxiya, vətəndaş qarşıdurması, getdikcə dərinləşən sosial-iqtisadi böhran şəraitində dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasından və ildən-ilə möhkəmlənməsindən danışıb. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə məscidinin axundu Mərəhməd Mustafayev o zaman xalqımızın Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, milli qurtuluşun açdığı yolla parlaq gələcəyə doğru inamla irəlilədiyini və Ümummilli Liderin şah əsəri olan müasir Azərbaycanın qurtuluşla başlayan zəfər tarixinə yeni-yeni parlaq səhifələr yazmaqda davam etdiyini bildirib.