Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” deməklə təhsilin inkişafedici aspektlərinin yüksəldilməsi ilə bağlı təhsil işçiləri qarşısında çox ciddi vəzifələr qoymuşdur. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının kollektivi də təhsilin inkişafı sahəsində öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışmışdır. Artıq ADPU-nun Şamaxı filialının ilk fəaliyyətə başladığı dövrdən 30 il keçir. Bu 30 illik tarixə nəzər salsaq doğurdan da filialın bu illər ərzində böyük inkişaf yolu keçməsinin şahidi olarıq. Belə ki, ilk dəfə V.İ.Lenin adına APİ-nin Şamaxı filialı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1991-ci il tarixli 200 №-li qərarına əsasən Şamaxı şəhərində fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il 349 nömrəli fərmanı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialının bazasında Azərbaycan Müəllimlər İnstitunun (AMİ) Şamaxı filialı yaradıldı.
Yarandığı ilk illərdə filialda yalnız 2 ixtisas - “İbtidai təhsilin pedaqogikası və metodikası”, “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” ixtisasları üzrə tələbə qəbulu həyata keçirilmişdir.
2012-ci ilədək 4 ixtisas - “Tarix və coğrafiya müəllimliyi” (əyani şöbə), “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” (əyani və qiyabi), “Riyaziyyat və informatika müəllimliyi” (əyani şöbə), “İbtidai təhsilin pedaqogika və metodikası” (əyani şöbə) ixtisasları üzrə tələbə qəbulu həyata keçirilmişdir.
2013-cü ildən filialda 5 ixtisas (əyani şöbədə) - “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə kadr hazırlığı aparılmışdır.
Yarandığı ilk illərdə Tədris məntəqəsi kimi fəaliyyətə başlayan filialın elmi potensialı kifayət etmədiyindən kafedraların yaranması mümkün olmamışdır. Əsasən professor-müəllim heyəti digər ali təhsil müəssisələrindən dəvət olunmuşdur. Sonradan 2012-ci ilədək filialda 2 kafedra fəaliyyət göstərmişdir:
1) İxtisas fənləri kafedrası;
2) Ümumi dilçilik və ədəbiyyat tarixi kafedrası.
Filialın 2012-ci ildə təsdiq olunmuş yeni strukturuna əsasən əvvəlki kafedraların adları dəyişdirilərək “Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrası”, “Təbiət və pedaqoji elmlər kafedrası” adlandırıldı və yeni “Humanitar və xüsusi fənlər kafedrası” yaradıldı.
2001-ci ildən 2016-cı ilədək dislokasiyaya daxil olan Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarında fəaliyyət göstərən Təhsil Şöbələri ilə ümumtəhsil məktəb müəllimlərinin ayrı-ayrı fənlər üzrə ixtisasartırma təhsilinə cəlb olunmasına dair bağlanmış müqaviləyə əsasən ixtisasartırma təhsili kursları təşkil olunmuşdur. Bu illər ərzində İxtisasartırma təhsilini bitirənlərin sayı 3277, yenidənhazırlanma təhsilini bitirənlərin sayı 128 nəfər olmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə AMİ və onun filialları ilə birgə Şamaxı filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı adlandırılaraq fəaliyyətini davam etdirmişdir.
Hazırda filialda 1 - Pedaqoji fakültə və 3 kafedra - Sosial və pedaqoji elmlər kafedrası, Riyaziyyat və kompüter elmləri kafedrası, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası daxil olmaqla ümumilikdə 11 bölmə və şöbə fəaliyyət göstərir.
Filialda fəaliyyyət göstərən Elmi Şuranın tərkibi 17 nəfərdən ibarətdir.
Son illərdə filialın tədris korpusunda təmir işləri aparılmış, infrastruktur və müasır standartlara cavab verən maddi-texniki baza xeyli yaxşılaşdırılmışdır. Bütün kompüter avadanlıqları optik internet şəbəkəsinə qoşulmuşdur.
31 min kitabdan ibarət zəngin kitabxana fondu oxucuların istifadəsindədir.
ADPU-nun Şamaxı filialının qarşısında duran əsas məqsəd ölkənin və regionun sosial-iqtisadi inkişafının tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssislər yetişdirmək və filialı təhsil-tədqiqat-innovasiya mərkəzinə çevirməkdir.
Filiala qəbul olunan tələbələrin böyük əksəriyyəti filialın yerləşdiyi Şamaxı və ətraf rayonlardan olur ki, bu da bölgədə müəllim kadrı hazırlığını həyata keçirən filialın yeganə ali təhsil müəssisəsi kimi nə qədər əhəmiyyətli bir rol oynadığını sübut edir. Məsələn, 2019/2020-ci tədris ilində filiala qəbul olunan 143 tələbənin 90 nəfəri (63%) bu rayonlardan olmuşdur.
2021/2022-ci tədris ili üçün filialın qəbul planlarının statistikasında bölgənin kadr təlabatı nəzərə alınaraq yeni ixtisaslar – “Fizika müəllimliyi” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları da əlavə olunaraq 7 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Beləliklə, filial ilk dəfə fəaliyyətə 16 nəfər tələbə qəbulu ilə başlamışdısa, 2021/2022-ci tədris ili üşün tələbə qəbulunun plan yeri 210 nəfərdir.
Son illərdə filiala 500-dən artıq balla qəbul olan tələbələrin sayı artmaqdadır.
Bu illərdə filialı bitirən məzunların sayı 2500 nəfərə qədər olmuşdur.
Əməkdaşlar tərəfindən onlarla dərslik, dərs vəsaiti, monoqrafiya, proqram, metodik vəsaitlər və yüzlərlə məqalələr və tezislər (respublikada və xaricdə) çap etdirilmişdir.
Filialda müəllim heyətinin tərkibinin elmi dərəcəlilərin hesabına artırılmasına ciddi fikir verilir.
Hazırda ADPU-nun Şamaxı filialında 95 nəfər əməkdaş çalışır. Onlardan 37 nəfəri professor-müəllim heyətidir- 4 nəfəri dosent, 7 nəfəri fəlsəfə doktoru, baş müəllim, 4 nəfəri baş müəllim, 22 nəfəri müəllim. Professor-müəllim heyətindən 2 nəfəri elmlər doktoru, 7 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertantdır.
Həmçinin ölkənin nüfuzlu ali təhsil müəssisələrindən də tədris üçün yüksək elmi potensiala malik 14 müəllim dəvət olunmuşdur.
Digər işçilərdən 25 nəfər tədris-köməkçi heyət, 12 nəfər inzibati-idarə heyət, 21 nəfəri isə xidmətedici heyətinin üzvüdür.
Filialda məzunlarla və işəgötürənlərlə əlaqələr daha da genişləndirilir. Bu məqsədlə filialda Karyera Mərkəzi fəaliyyət göstərir.
Filialda tələbə biliyinin qiymətləndirilməsində obyektivlik, şəffaflıq, ədalətlilik prinsipi rəhbər tutulur. Tələbələrin təlim prosesi ilə əlaqədar maraq, tələb və ehtiyaclarını müəyyən etmək üçün maraqlı tərəflərlə görüşlər təşkil olunur, rəy, təkliflər toplanılır.
Aparılan müşahidələr, məmnunluq sorğuları, ictimaiyyətlə əlaqələr və onların fikirlərinin öyrənilməsi, “Açıq qapı” günlərinin keçirilməsi tədrisin keyfiyyətinin qənaətbəxş səviyyədə olması nəticəsinə gəlməyə imkan verir. Filialda İctimai Şuranın yaradılması da bu məqsədlə həyata keçirilmişdir. İctimai Şurada Şamaxı rayonunun qabaqcıl təhsil işçiləri və ictimaiyyət nümayəndələri fəaliyyət göstərir.
2018-ci ildən Regional İnkişaf İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində İnklüziv Təhsil Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzdə layihə çərçivəsində filialın bütün professor-müəllim heyəti, buraxılış ili tələbələri, Şamaxı rayon və kəndlərindən 50 nəfər məktəb direktoru maarifləndirici təlimlərdən, 287 nəfər ibtidai sinif müəllimi isə ixtisasartırma təlimlərindən və 100-dən artıq valideyn maarifləndirici seminarlardan keçmişdir.
Filialda Tələbə təşkilatları- Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və YAP Gənclər Birliyi fəaliyyət göstərir. Bu təşkilatlar filialın, eləcə də bölgənin ictimai-siyasi həyatında və ADPU-nun tələbə təşkilatları ilə birgə tədbirlərdə yaxından iştirak edir. Qatıldıqları hər bir tədbirdən kubok və mükafatlarla qayıdırlar.Yüksək fəaliyyətlərinin nəticəsidir ki, filialın TGT-si 3 il ilin TGT-si seçilib. TEC-nin fəaliyyəti nəticəsində hər il Tələbələrin Elmi-tədqiqat işlərinin konfransı keçirilir.
Filialda təqvim günlərinə əsasən, təqvimdən kənar əmr və sərəncamlarla qeyd olunmuş bütün tədbirlər, eləcə də görkəmli şəxsiyyətlərlə görüşlər, elm adamlarının seminarlarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bir çox beynəlxalq və respublika səviyyəli konfranslara, simpoziumlara ev sahibliyi etmiş ADPU-nun Şamaxı filialında 17-18 may 2017-ci ildə ADPU, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyi və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə birgə III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunu təşkil edilmişdir. Simpoziumda Türkiyənin Amasiya, Marmara, Necmettin Ərbakan, Çankırı Karatekin Universitetləri, İtaliya Yokoku Assosiasiyası, Makedoniyadan ümumilkdə 25 nəfər, respublikamızın tanınmış akademikləri, ADPU-nun rektoru, hörmətli professor Cəfər Cəfərov və universitetin filial direktorları, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycanın bir çox elm müəssisələrindən və mədəniyyət mərkəzlərindən olan 120 nəfər elm xadimi, həmçinin Seyid Həmzə Nigarinin nəslindən olan qonaqlar, media nümayəndələri, Şamaxı filialının professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
2018-ci ildə ADPU-nun təşkilatçılığı ilə Şamaxı Filialında Respublika səviyyəli “Müəllim, məni yaradıcılığa ruhlandır!” mövzusunda pedaqoji oxular keçirilmişdir.
Qeyd edək ki, Şamaxı filialında keçirilmiş Simpoziumun davamı olaraq 2018-ci ildə “Azərbaycan Xalq Cumhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda IV beynəlxalq Həmzə Nigari Simpoziumu Türkiyənin Amasya şəhərində keçirilmişdir. Filialın 3 əməkdaşı həmin simpoziumda iştirak etmişdir.
5 mart 2019-cu ildə Azərbaycan Respublikası Mədəmiyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi-metodiki və İxtisasartırma mərkəzi ilə də Şamaxı filialı arasında birgə əməkdaşlıq memorandumu imzalanmış və bu ərəfədə müxtəlif tədbirlər keçirilmişdir.
Filial ərazisində yerləşdiyi Şamaxı rayonu İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Şamaxı Asan Xidmət Mərkəzi və digər müəssisələrlə də birgə görüşlərin və tədbirlərin keçirilməsində yaxından iştirak edir.
Ümumilikdə, ADPU-nun Şamaxı filialı fəaliyyət göstərdiyi müddətdə regionun yeganə ali təhsil müəssisəsi olaraq həm ixtisaslı kadrların yetişdirilməsində, həm də gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında cəmiyyətdə özünə müsbət imic qazanmışdır.
Şamaxı filialı fəaliyyət göstərdiyi müddətdə regionun yeganə ali təhsil müəssisəsi olaraq həm ixtisaslı kadrların yetişdirilməsində, həm də gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında cəmiyyətdə özünə müsbət imic qazanmışdır.
Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatan Vətən müharibəsi ADPU-nun Şamaxı filiialının kollektivi tərəfindən böyük qürur hissi ilə dəstəkləndi və sosial şəbəkələrdə işıqlandırıldı. Xalqımızın yeni şanlı qəhrəmanlıq dastanının yazıldığı 44 günlük Vətən müharibəsi tarixinə, eyni zamanda filialın məzunları da öz imzalarını atdılar. Onlar arasında 2011-ci il məzunumuz Elgün Əzizov və 2016-cı il məzunumuz Orxan Nəbiyev vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldılar. Allah rəhmət eləsin! Onlarla məzunumuz isə rəşadətlə vuruşaraq Ali Baş Komandan tərəfindən müxtəlif orden və medallarla təltif edilmişdilər.