“Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə”


Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı ilə əlaqədar

Azərbaycan Respublikasının Prezidenti: “Şuşanın Azərbaycan tarixində xüsusi yeri var”

“Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib: “Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.
Ötən il cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla “Şuşa İli” elan edilmişdir. Bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olub. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında qalsa da, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdı.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı. Biz dərk etdik ki, əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq, həmişə işğal altında olacağıq.
Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim qürurumuzun nümayişidir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu ilə, arxasında yumruq kimi birləşən xalqın iradəsi ilə Ulu Öndərin arzusunu gerçəkləşdirdi. Azərbaycan xalqı bununla fəxr edir, bütün azərbaycanlılar buna sevinir.
Vətən müharibəsində qələbəmizin simvoluna çevrilən Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib.
Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.
Azərbaycan təkcə Türkiyə ilə yox, Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir. Təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır.
Xoş təsadüfdür ki, Şuşa İlinin arxasıyca cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlər nəzərə alınaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq cəsarətlə ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyəti ilə sübut edib. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə ölkə rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qonşu dövlətlərlə normal münasibətə, iqtisadi əlaqələrə önəm vermişdir. Uzaqgörən, müdrik suyasətçimiz çox yaxşı bilirdi ki, xarici investorların ölkəyə cəzbi üçün əsas meyar sabitlikdir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə qonşu dövlət Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular. Onlar sovet dönəmində də Azərbaycana və Gürcüstana rəhbərlik edirdilər. Əslində, onlar Gürcüstanla Azərbaycan arasında bugünkü tərəfdaşlığın formatının əsasını qoydular. Təbii ki, bu, Bakı-Supsa boru kəməri ilə başladı. 1990-cı illərin sonunda Prezident Şevardnadze və Prezident Əliyevin iştirakı ilə Supsada məlum açılış mərasimi oldu. Gürcüstan və Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır. Ölkələrimiz Avropadakı tərəfdaşlarımızla münasibətdə və regionda daha güclü ola bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Prezident İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını vurğulayıb. Dövlətimizin başçısı xarici işlər nazirlərinin Vaşinqton görüşünə toxunaraq qeyd edib ki, erməni tərəfi görüşdən bir həftə əvvəl sülh sazişi layihəsinə şərhi bizə təqdim edib. Burada yenə də, Azərbaycana qarşı ərazi iddiaları var. Ərazi iddialarının olması isə Vaşinqton görüşündə nəticənin əldə olunmasına imkan vermir. Cənab Prezident vurğulayıb: “Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur”.
Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə bütün region üçün faydalı olacaq.
"İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi".
Dövlətimizin başçısı qeyd edib: "Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu".
Dövlətimizin başçısı onu da bildirib ki, sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır: "Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər".
Ermənistanın şərhində Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır"
Prezident  vurqulayıb ki, kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir: “Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik”. Qeyd olunduğu kimi, Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.
Tez-tez istinad olunan 10 noyabr sənədinə də tam aydınlıq gətirdi ölkə rəhbəri, “Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil.
Beləliklə, atəşkəsdən sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi”. Yəni yenə də seçim Ermənistanındır. Öz marağına uyğun nələrisə üçtərəfli bəyanatda axtarmağa vaxt sərf eləməsin, oralarda qurdalanmasın, bizim zamanımız çox deyil, Laçına böyük qayıdışa günlər qalır, digər bölgələri qururuq, insanlarımız yurduna dönmək istəyir. Həm də təkcə Qarabağa Şərqi Zəngəzura deyil, həm də Qərbi Azərbaycana!  
“Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır”, - deyən dövlətimizin başçısı bildirib ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var.
Dövlət başçımız Şuşadan məkrli dairələrə, qərəzlə silahlanmış mərkəzlərə, paytaxtlara da sözünü dedi.
 “Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi”. Acı həqiqətdir, buyursunlar, dadına basınlar!
Qeyd olunduğu kimi, Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Amma heç olmasa bundan sonra “Ədalətsizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir”. Prezident belələrinin adını çox gözəl şəkildə ümumiləşdirdi: “Beynəlxalq riyakarlıq” kimi, Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb. Üstəlik Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. “Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi və ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub”.
Bütün bu bəyanatlarda qalib ölkənin, qalib liderin özünəinamı, xalqına, ordusuna, sərhədçisinə, daxili qoşunlarına güvənci var! Həm də ortada ŞUŞA BƏYANNAMƏSİ var. Dövlət başçısı əbəs yerə 2021-ci ilin 15 iyununda Qalada, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla imzaladığı tarixi Müttəfiqlik Sazişini xatırlatmadı, “Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib”-demədi.
“Azərbaycan ordusunun gücünə görə NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalayıb… Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcək. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib”-söylədi cənab Prezident.
Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastruktur buna imkan verir.
Bakı-Tbilisi-Ceyhanla neft nəqlinin həcminin artırılması ilə əlaqədar problemin yekun məhsulun keyfiyyəti ilə bağlı ola biləcəyini vurğulayan dövlət başçısı bildirib: “Çünki Qazaxıstan nefti “AzeriLight” markasından fərqlidir və əgər Bakı-Tbilisi-Ceyhan vasitəsilə böyük neft həcmi nəql olunarsa biz keyfiyyətdə itirəcəyik. Çünki Bakı-Tbilisi-Ceyhanla ixrac etdiyimiz “AzeriLight” markalı neft hətta brend markalı neftdən də dəyərlidir. Lakin digər variantlar da var. Ceyhandakı yekun məhsulun keyfiyyəti dəyişərsə, biz əlbəttə ki, müəyyən kommersiya şərtləri üzərində çalışa bilərik. Yaxud Bakıdan Gürcüstanın Supsa dəniz limanına gedən boru kəmərimiz boş olarsa, biz bu boru kəmərindən istifadə edə bilərik, çünki Qara dənizdə böyük bazar var”.
Azərbaycan həmişə Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləyib.
Uzun illər ərzində Türkmənistan neftinin Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Ola bilsin siz bunu bilmirsiniz, hətta Rusiya nefti, Rusiyanın Xəzər dənizində hasil etdiyi neftin bir qismi Azərbaycandan Ceyhana nəql olunur. Xatırladığım kimi, ildə təqribən 2 milyon tondan daha çox həcmdən söhbət gedir. Təqribən ildə 2,5 milyon tona yaxın rus nefti Ceyhana gedir. Beləliklə, bütün bunlar kommersiya məsələləridir. Hesab edirəm ki, biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq. Bilirsiniz, əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər. Beləliklə, bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki?”.
Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına ölkəmiz təxminən 140 milyon dollar ayırdı. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az