Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış, fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributları kimi qəbul edilir və mövqelər arasında mövcud ziddiyyətlər siyasi dialoq vasitəsilə həyata keçirilir.
Demokratik inkişaf yolunu seçmiş Azərbaycanda da siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində bu faktor mühüm rol oynayır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri də məhz, siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada, ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı dövlət başçısı çıxışında deyib: "Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır."
Dövlətimizin başçısı hesab edir ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 16 dekabr 2022-ci ildə imzalanmış “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.
“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil, yeni Qanun, eyni zamanda, siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
İqtidarın dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin yaranmasında əhəmiyyətli rol oynayır. Hökumətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
Qeyd etmək vacibdir ki, görüşlər və gündəlik fəaliyyət dövründə iqtidarla siyasi partiyalar arasında gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələrin dərinləşməsində tərəflər maraqlı görünürlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var".
Ölkə çərçivəsində siyasi partiyaların dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə etməsi dövlətimizi gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bunun əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq yerinə düşər. İkinci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.
Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.
2020-ci ilin martın 10-da 6-cı çağırış Milli Məclisin açılış iclasında çıxış edərkən Prezident İlham Əliyev demişdir: “…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır, ... siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz... Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”
Dövlət başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda başlanan siyasi islahatların yeni mərhələsində formalaşan yeni konfiqurasiya qorunub saxlanılmalıdır. Hakimiyyət-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün yaradılan fürsət və şərait dəyərləndirilməlidir. Müxalifət siyasi münasibətlər sisteminin yenilənməsi və daha sivil, demokratik münasibətlər qurulmasında fəal iştirak etməlidir.
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.
Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaların cəmiyyətin tanıması, həm də siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək imkanı verir. Bəzi siyasi partiyaların rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyması ilə bağlı bəyanatlar verməsi də demokratik dövlət quruculuğunda mümkün olan obyektiv və təbii proseslərdir.
Sözsüz ki, ölkə rəhbərliyinin partiyaları siyasi dialoqa çağırması ölkəmizin demokratikləşməsi istiqamətində hakimiyyətin ortaya qoyduğu qətiyyətli siyasi iradədir. Bu, eyni zamanda, ictimai -siyasi həyatın bütün sahələri üzrə yeniləşən, modernləşən Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması işinin göstəricisidir.
Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.
Dövlətimizin başçısı hesab edir ki, "Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.
Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar.
Radikal partiya mənsublarının sərgilədikləri əməllərdən, səsləndirdikləri cəfəng fikirlərdən bəlli olur ki, onlar siyasi mübarizənin sivil qaydada, qanunlar çərçivəsində aparılmasını birmənalı şəkildə inkar edirlər. Sosial baza kimi mühüm amildən, real dəstəkdən məhrum qalan radikallar diqqət çəkməyin, gündəmdə qalmağın ən asan yolunu mövcud qaydalardan kənara çıxmaqda, qanunsuz aksiyalara çağırışlar etməkdə, vətəndaş həmrəyliyinə hansı yollarlasa xələl gətirməyə cəhdlər göstərməkdə görürlər. Radikallar siyasi mübarizənin yalnız bir formasını qəbul edirlər-indiki dövrdə heç də aktual olmayan mitinq eyforiyasından yaxa qurtara bilmirlər.
Bəzi müxalif partiyaların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir.
Onu da qeyd edək ki, radikallar dünya təcrübəsində təqdir olunan dialoqdan yayınmaq üçün ən müxtəlif bəhanələrə əl atırlar. Bu da onların dialoq məsələsinə şəxsi maraqlar prizmasından yanaşmalarını, həmçinin, gerçək dialoq prosesinin baş tutmasında maraqlı olmadıqlarını bir daha təsdiq edir.
Hökumət müxalifətlə təmaslarını artırdıqca, miqyası böyütdükcə, bəzi qruplar siyasi mühiti gərginləşdirməyə çalışır. Ölkədə dialoq və barış mühitinin olması bəzi dairələrə əsla sərf etmir. Çünki əhəmiyyətlərinin azalacağını, xalqa təklif etdikləri siyasi kursa ictimai marağın öləcəyini bilirlər.
Amma bu bir reallıqdır ki, istər ənənəvi müxalifət, istər yeni partiyalar, istərsə radikal ritorikalı siyasətçilər olsun, yenilənmək istəməyən sıradan çıxacaq.
Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar edilməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.
Siyasi səhnədə təmsil olunan sağlam, konsrtuktiv müxalifət bu gün daha çox ehtiyac duyulan siyasi mədəniyyətin formalaşmasına, sağlam əməkdaşlığın, dialoq mühitinin genişlənməsinə, bütövlükdə ümummilli məsələlərdə həmrəyliyin nümayiş etdirilməsinə, milli maraqlarımızın qorunmasına çalışmalıdır.