31 Mart - Azərbaycanlıların Soyqırımı Günü


        “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə- 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisikimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”   

(Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanından)


İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. 

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.

İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir.

Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Tanınmış türkiyəli tarixçi İsmail Özçelik “Karabağ tarihi ve Karabağda ermeni olayları” əsərində ermənilər tərəfindən Şuşada 16–20 avqust tarixində qanlı toqquşmaların davam etdiyini, rus kazaklarının və rus piyada birliyinin erməni daşnakları ilə birlikdə azərbaycanlı evlərinə basqın etdiklərini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olduqlarını yazır. Ümumiyyətlə, ermənilərin qanlı qırğınları təkcə Yuxarı Qarabağda deyil, 6–9 fevralda Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan quberniyasında, 25 avqustda yenə Bakıda, 26 avqustda Cavanşir qəzasında, 18 noyabrda Gəncədə, 23 noyabrda Tiflisdə, Qazaxda və digər yerlərdə də minlərlə azəri türkünün faciəli surətdə öldürülməsi ilə baş vermişdir. 

1918-ci il martın 18-də Şamaxının müsəlmanlar yaşayan hissəsinə də hücum ediblər. Şamaxı şəhərində 13 məscidi, o cümlədən  Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini yandırıblar. Yeri gəlmişkən qeyd edək ki, bolşevik-daşnak qüvvələri ən böyük qırğını da Cümə məscidində törədiblər. Belə ki, şamaxılıların Allah evi kimi məscidə sığındıqlarını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı diri-diri yandırıblar. Şübhəsiz, Şamaxıya hücum, dinc azərbaycanlı əhaliyə- qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı olan milli düşmənçilik hissindən irəli gəlirdi.

Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.
Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Bakı, Şamaxı ilə yanaşı, Quba şəhərinin əhalisinə qarşı da amansız divan tutulmuşdur. Belə ki, Ərzurum ermənisi olan və Türkiyədə saysız-hesabsız türkün qanına əli bulaşmış başkəsən Hamazasp Quba qırğınlarına rəhbərlik edirdi. Onun qəddarlığı arxiv materiallarında öz təsdiqini tapıb. 

Şaumyan və Korqanovun təşkilatçılığı ilə daşnak Hamazasp dəstələri Quba şəhərində və qəzanın 122 kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə yetirmişdilər. 

Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqatlar sübut etdi ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər.

Daşnaklar Azərbaycanın şimal-qərb regionları ilə yanaşı, qərb hissəsini də hədəf götürmüş və etnik təmizləmə siyasətini orada da xüsusi amansızlıqla həyata keçirirdi. Türk ordusunun zərbələrindən qaçan ermənilər, başda generalları- quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddar aktlar törətmişdilər. Zəngəzur qəzasında baş verən qırğınlar mart soyqırımlarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq talan edildiyi, əhalinin xeyli hissəsinin qətlə yetirildiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır. 1918-ci ildə baş verən mart hadisələri nəticəsində təqribən 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, talançılıq nəticəsində yerli müsəlman əhaliyə dəyəri milyadrlarla ölçülən ziyan dəymişdir.

Beləliklə, hadisələrlə bağlı faktların incələnməsindən görünür ki, heç də Ermənistanın Azərbaycan torpaqlarında yaranması və möhkəmlənməsi birdən-birə başa gəlməyib. Bunun üçün onlar Azərbaycan türklərini, yerli müsəlmanları dəhşətli soyqırımına, talana, terrora məruz qoymuş, yüzminlərlə insan öz ata-baba torpaqlarından qaçqın düşmüş və əhalinin kifayət qədər əhəmiyyətli hissəsi hücumlar nəticəsində öldürülmüşdür.

Azərbaycan ərazilərində erməni dövlətini yaratmaq və “dənizdən-dənizə böyük Ermənistan” qurmaq planları onların terrora haqq qazandıran ideoloqlarının uzun illərdən bəri hazırlaşdıqları plan idi. Bunun üçün etnik təmizləmə vacib idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dövlət xadimlərimizin fəaliyyəti, Osmanlı ordusunun Nuru paşanın başçılığı altında xalqımıza etdikləri qardaş köməyi erməniləri soyqırımı siyasətinin tam həyata keçirməsinin qarşısını aldı. 

..1918-ci il  soyqırımlarının, ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra mümkün olub. Belə ki,  80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.

Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ninyaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.

Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” 

 Dövlətimizin başçısı İlham Əliyev 18 yanvar 2018-ci il tarixində  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı ilə dünya ictimaiyyətinin diqqətini bir daha erməni vəhşiliklərinə yönəltdi.  Sənəddə qeyd olunur ki,  erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.
Sərəncamda tariximizin bu səhifələrinə bir daha diqqət yönəldilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 




PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az