Bu Novruz bayramı Talış kəndinin sakinləri üçün uzun illərdən sonra doğma yurdlarında qeyd etdiyi ilk Yaz sevincidir.
Dövlətimizin başçısı Novruz bayramı münasibətilə xalqımıza müraciətində bu əziz bayramın üçüncü dəfədir doğma Qarabağda qeyd edilməsini böyük xoşbəxtlik kimi qiymətləndirib və bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmətlə yad edildiyini xüsusi vurğulayıb.
Qəhrəman Azərbaycan hərbçilərini səmimiyyətlə salamlayan dövlətimizin başçısı bildirib ki, onların canı-qanı bahasına biz illərlə həsrət qaldığımız doğma torpaqlarımıza qovuşduq.
İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqı milli həmrəylik nümayiş etdirdi. Bu mübarizə xalq, dövlət, ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsi idi. Azərbaycan xalqı siyasi, etnik mənsubiyyətindən, dünya görüşündən, yaşından asılı olmayaraq uşaqdan böyüyə kimi hamı yumruq kimi birləşib düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması üçün vuruşmağa israrlı olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyev müraciətində otuz ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmasını, yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin, qaçqın, köçkün vəziyyətinə salmasını xalqımıza qarşı törədilən soyqırım olduğunu bildirib və qeyd edib ki, bu hərbi cinayətləri, ədalətsizliyi heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmamalıyıq.
Beynəlxalq hüququn hər bir subyektinin üzərinə götürdüyü öhdəliklər ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət edilməsindən başlayır. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq.
Təəssüflər olsun ki, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. "Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı,"- deyən dövlətimizin başçısı münaqişənin həll variantını Azərbyacanın özünün tapdığını və məsələni siyasi-hərbi yolla həll etdiyini qeyd edib: "Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik."
Qırx dörd günlük savaşda Azərbaycan xalqı bütünlüklə Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşərək dövlətimizlə və ordumuzla həmrəylik nümayiş etdirdi. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Ali Baş Komandanın möhkəm iradəsi öz sözünü dedi. İlham Əliyev döyüş meydanında olduğu qədər, arxa cəbhədə də mənfur düşmənin dəyirmanına su tökənləri susdurmağı bacardı. Bəli, bütün bunlar Azərbaycan dövlətinin gücünün, Ordumuzun yenilməzliyinin, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin bariz nümunəsi idi. Bu qələbə bir daha bizim kimliyimizi bütün dünyaya bəyan etdi.
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində İkinci Qarabağ müharibəsinin Ermənistana hələ ki, dərs olmadığını təəssüflə qeyd edib. Ermənistanda baş qaldıran revanşist qüvvələr yenidən xülyalara qapılıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır.
Dövlətimizin başçısı rəsmi İrəvana bir daha xəbərdarlıq edib: "Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz."
Dövlətimizin başçısı müraciətində işğal dövründə Azərbaycana qarşı edilən məkrli cəhdləri də xatırladıb və qeyd edib ki, həmin illərdə Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.
İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir.
Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızın işğalı dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik: "Görün, Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi. Əfsuslar olsun ki, Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər."
Təəssüflər olsun ki, Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra yenə də ölkəmizə qarşı ədalətsiz addımlar atılır və çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar.
Prezident İlham Əliyev xatırladıb,- İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.
Bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün Azərbaycandan imdad diləyir ki, 29 min kvadratkilometr ərazidə yaşaya bilsinlər. "Bunu işğal dövründə niyə demirdi? İşğal dövründə nə üçün bizim işğal edilmiş bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər, kitablar dərc edilirdi. Bu çirkin əməllərə, bu qanunsuz əməllərə göz yuman beynəlxalq təşkilatlar, bəzi ermənipərəst ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?"-deyərək beynəlxalq gücləri məntiqli sualları qarşısında aciz qoyan Prezident İlham Əliyev tutduğumuz haqq yolunda qərarlı olduğumuzu bir daha bəyan edib: "İndi biz öz torpağımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etmişik, BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyümüzü təmin etmişik, düşməni qovmuşuq, Ermənistan ordusunu məhv etmişik, diz çökdürmüşük. Bu, bizim haqlı vəzifəmizdir. Bu gün biz qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb. Biz isə qurub-yaradırıq."
İşğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilə qədər 5 milli prioritetindən biri müəyyən edilib. Prezident İlham Əliyevin ötən ilin noyabr ayında təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsas yol xəritəsidir. Proqram çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu gün 8 magistral və 2 dəmiryolu tikilir.
Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.
Azad edilmiş ərazilərimizdə aparılan geniş quruculuq işləri insanlarımızın doğma torpağına, yurduna sonzuz bağlılığının, qurub-yaratmaq əzminin ifadəsidir. Ermənistan isə öz rəzil, xəstə təfəkkürünün məhsulu olan siyasəti ilə ikrah doğurmaqdadır. Prezident İlham Əliyevin dediyi kimi, "...bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın."
Dövlətimizin başçısı bildirib ki, rəsmi İrəvanın bu cəhdlərinin heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var- bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq."
Talış kəndi işğaldan 2020-ci il oktyabrın 3-də azad edilib. Prezident İlham Əliyev 2021-ci il oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldarkən demişdi- "Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir. Çünki burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizi buradan gözləyirdi. Bir çox əməliyyatda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı ensizdir, məhduddur, ona görə, təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bir daha göstərdi ki, Ermənistan ordusu Azərbaycan Ordusunun qabağında acizdir, dayana bilməz və qələbə uzaqda deyil."
Doğrudan da, Ermənistan ordusu rəşadətli Azərbaycan Ordusu qarşısında davam gətirə bilmədi. Dövlətimizin başçısı xalqımıza Novruz müraciətində həmin günləri belə xatırlayıb: "Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın.Yeni reallıqları hər kəs qəbul etməlidir."
Bu realllıqlar isə ondan ibarətdir ki, xalqımız İkinci Qarabağ müharibəsində işğal altındakı torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüzü təmin etdi. Ermənistan ordusu döyüş meydanında məğlub oldu və rəsmi İrəvan 9 Noyabr 2020-ci il Bəyannaməsini imzalamaqla faktiki olaraq kapitulyasiya aktına qol çəkdi. Gələcək sülh müqaviləsi üçün bu önəmli amilləri hər kəs nəzərə almalıdır.
Prezident İlham Əliyev müraciətində Azərbaycan torpaqlarının 30 illik işğalı faktını unutdurmaq istiqamətində aparılan hiyləgər siyasətə də toxunub: "...biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq."
"Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır,"- deyən dövlətimizin başçısı bildirib ki, bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik."
Zəfərimizin şüarı- “Qarabağ Azərbaycandır!” nidası bu bayram günlərində hər bir azərbaycanlının. o cümlədən doğma Talış kəndinə qayıdan sakinlərin qəlbinə sonsuz fərəh və iftixar hissi bəxş edir.