X Global Bakı Forumunda beynəlxalq gündəmin ən aktual məsələləri və problemlərin müzakirə olunub və dünyada mövcud olan hazırkı çağırışlarla və ümidlərlə bağlı gündəmi özündə əks etdirən mühüm bir beynəlxalq tədbir kimi diqqət çəkib.
Bakı Forumunda 60 ölkədən 350-dək nümayəndə iştirak edib. Dünyaya yeni mesajlar verilib. Bunların bir qismi iqtisadi, bir qismi siyasi və ümumi təhlükəsizlik çağırışları idi. Dünyada mövcud olan aclıq və miqrasiya təhlükəsizliyi ilə bağlı müzakirələr də diqqət mərkəzində olub.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir.
Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürünü bildirən dövlətimizin başçısı iftixar hissi ilə qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.
Daha sonra Bakı Forumunda müzakirə ediləcək bəzi mövzularla bağlı öz fikirlərini bölüşən Prezident İlham Əliyev panellərdən birinin multilateralizmə həsr olunmasından məmnunluğunu ifadə edib: "Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.
Eyni zamanda, biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir."
Soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi olduğumuz bir vaxtda Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin– Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır,- deyən Prezident İlham Əliyev həmin prinsiplərin sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarət olduğuunu bəyan edib.
Dövlətimizin başçısı bildirib ki, münaqişələrin həlli ilə bağlı mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə ediləcəkdir: "Mən isə öz təcrübəmizlə bağlı fikirlərimi bölüşə bilərəm. Münaqişələrin həlli iki cür olur– dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir."
Bunlar az imiş kimi, Azərbaycan münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının ölkəmizin ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərinə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.
1992-ci ildə münaqişə yarandıqdan sonra təsis edilən ATƏT Minsk qrupu da ötən 28 il ərzində hər hansı nəticəyə nail olmadı. Dövlətimizin başçısı çıxşında Minsk qrupunun fəaliyyətsizliyinin əsl mahiyyətini Forum iştrakçılarının diqqətinə çatdırıb: "Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi."
Nəticədə Azərbaycan güc yolu ilə öz ərazilərini erməni işğalından azad etdi. İndi ölkəmiz təxminən iki il yarım vaxt ərzində 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən inşa edir.
Prezident İlham Əliyev: "Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. Beləliklə, hazırda sülh üçün vaxt yetişib. Bununla belə, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər."
Bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinə çalışan Azərbaycan Ermənistanla bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət prisipi əsasında danışıqların konstruktiv həllinə çalışır. Bu, əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.
Beynəlxalq ictimaiyyətə yaxşı məlumdur ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.
Azərbaycandakı erməni azlığına gəldikdə isə, dövlətimizin başçısı əminliklə deyib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik.
Prezident İlham Əliyev çıxışında enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunan panel müzakirəsindən sonra baş verən bəzi yeniliklərlə də Bakı Forumu iştirakçılarını məlumatlandırıb: "Ötən ilin iyunundan etibarən xeyli hadisələr baş verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalandı. Bu Memorandum hazırda icra olunur. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər biz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək."
Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək.
Azərbaycan sahib olduğu qaz yataqlarına sərmayələrini artırıb və hazırda hətta ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyir. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və Azərbaycan sistemi genişləndirmək fikrindədir- TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır.
Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş adlandırması, əlbəttə, səbəbsiz deyil. Bu, ölkəmizin etibarlı tərəfdaş olmasının göstəricisidir.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alan Azərbaycan onun üzərində işləyir.
Dövlətimzin başçısı qeyd edib ki, Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi- Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək.
Avropanın enerji xəritəsində mühüm dəyişikliyin olacağını deyən Prezident İlham Əliyev bildirib ki, indi növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir: "Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək."
İndi Azərbaycan yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində ölkəmizin külək enerjisi potensialı ilə bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar.
Dövlətimzini başçısı ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcminin 75 faizdən çox artdığnı da qeyd edib: "Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür - dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir."
Prezident İlahm Əliyev çıxışının sonunda proqrama daxil olan bu və ya digər mövzularla bağlı kifayət qədər maraqlı müzakirələr olacağına, qonaqların gələcəyimizi planlaşdırmaq üçün dəyərli ideyalarını və tövsiyələrini verəcəklərinə əminlik ifadə edib.