Xalqı, dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. O, həmin illərdə Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri olub və ona general-mayor adı verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulunda keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib və respublikanın rəhbəri olub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Heydər Əliyev 20 il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndərin fəaliyyəti nəticəsində 1982-ci ildə isə ölkəmiz qabaqcıl yerlərə çıxdı. Görkəmli dövlət xadiminin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.
1990-cı ilin Qanlı Yanvar hadisələrini Azərbaycan xalqı heç zaman unutmayacaqdır. Daim təqib və nəzarət altında olmasına baxmayaraq, Azərbaycan xalqının vətənpərvər övladı Heydər Əliyev öz çiyinlərinə düşən böyük məsuliyyəti dərk edən siyasi xadim kimi elə həmin günün səhəri bütün dünyaya səs salan çıxışı ilə bu hadisələrin əsl səbəbkarlarını və günahkarlarını sərt ittiham etdi. Heydər Əliyev uzun illər sədaqətlə xidmət etdiyi və rəhbərlik etdiyi Kommunist Partiyasının sıralarını tərk edərkən bunu ilk növbədə 1990-cı ilin Yanvar hadisələrinə siyasi qiymət verilməməsi, sovet rəhbərliyinin Azərbaycana qarşı tutduğu qərəzli mövqe ilə izah etmişdi. Həmin il avqustun 29-da Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında isə Heydər Əliyev Azərbaycan xalqının birliyi üçün Kommunist Partiyasının hakimiyyətdən getməsi təklifini irəli sürmüşdü. Ancaq yanvar hadisələrindən sonra respublikanı idarə edən şəxslər xalqın mənafeyi və tələbi ilə hesablaşmayaraq yalnız öz kreslolarını qorumaqla məşğul idilər, onlar Azərbaycanın başının üstünü almış qara buludları sanki görmürdülər.
1990-cı il iyulun 20-də böyük çətinliklə Azərbaycana qayıdan Heydər Əliyev sonralar xatırlayırdı: "Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş."
Ötən əsrin 80-ci illərinin sonunda erməni tərəfinin separatçılıq meylləri gücləndi və getdikcə daha təhlükəli hal almağa başladı. Düşmən əzəli yurd yerlərimizin işğalına başladılar. Məhz belə bir çətin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid və sevinc bəxş edib. Eyni zamanda, Vətənə bu qayıdış xalqımızda Azərbaycanın bütün bəlalardan xilas olacağına da ümidləri artırıb.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ümummilli Lider Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da Azərbaycan tarixində Ulu Öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açılıb.
Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi.
1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində ATƏT-in və digər vasitəçilərin səyləri ilə aparılan danışıqlar nəticəsində 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi. 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru olmaqla yanaşı, ölkəmizin cəlb olunduğu münaqişənin nizama salınmasında keyfiyyətcə yeni mərhələ idi.
1993-cü ildə yeni ictimai-iqtisadi formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürüldüyü bir vaxtda Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.
Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi olmaqla Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
Qaçqın və məcburi köçkünlərin sosial problemləri Heydər Əliyevi daim narahat edirdi. Ulu öndər dəfələrlə çadır şəhərciklərində olmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. Onun bu şəhərciklərə hər gəlişi əsl bayram olardı. Heydər Əliyevin hakimiyyəti illərində qaçqın və məcburi köçkünlər beynəlxalq humanitar yardım alır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilirdi. Çıxışlarının birində ulu öndər demişdi: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir.”
Dahi şəxsiyyət insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Heydər Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.
2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri üçün kompensasiya120 dəfə artırılmışdır.
Ulu Öndər Heydər Əliyevin nümunəsində tarix bir daha sübut etdi ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.
Ümuimmilli Lider deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır.
Heydər Əliyev həm Konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu Öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”.
Təməli Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları- azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir.”
Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.
Azərbaycanda siyasi natiqliyin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər. Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında şifahi nitqə üstünlük verib, yazılı məruzə və ya çıxışlardan, demək olar ki, imtina edirdi.
Ümummilli liderin çıxış etdiyi auditoriyalar öz zənginliyi ilə seçilirdi. O, həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilirdi. Böyük natiq auditoriya ilə ünsiyyətə girir, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi. Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışırdı. Xalq danışıq dilindən gələn ifadələri məharətlə işlədirdi.
Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir. Heydər Əliyev Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər görüb.
Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir. Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir. Müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir.
Ulu Öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Belə ki, Heydər Əliyevin 1998-ci il 18 iyun tarixdə təsdiqlədiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman KİV-in sərbəst inkişafı, cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu.
Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Ümummilli Lider Heydər Əliyevin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində ölkəmizin hərbi gücünün qüvvətləndirilməsi istiqamətində böyük işlər görüldü. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.
Ulu Öndər əməli fəaliyyəti, misilsiz xidmətləri ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübuta yetirdi. Memarı və xilaskarı olduğu müstəqil Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş güclü dövlətdir. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki dahi şəxsiyyətin əsas amalı işğalda olan torpaqlarımızın azad edilməsi idi. Xalqımız və dövlətçiliyimiz naminə misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev millətin məhəbbətini qazanaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.