“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”
Ulu öndər Heydər Əliyev
Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Onların fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər potensial imkanlarını cəmiyyətdə uğurla reallaşdıra bilir və ölkənin inkişafına mühüm töhfələr verirlər.
Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində göstərdiyi aktiv fəaliyyət cəmiyyət tərəfindən böyük təqdirlə qarşılanır. Onların ölkədə siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması səbəbindəndir ki, gənclər siyasəti Azərbaycanın inkişaf siyasətinin tərkib hissəsi kimi mühüm rol oynayır.
Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yeni nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.
Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etməsi bu istiqamətdə tarixi dəyər qazanan bir hadisə idi.
Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi məqsədi ilə dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi də ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının ifadəsi idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyət daşıyırdı.
Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlətin dəstəyi bu istiqamətdə öz bəhrəsini verdi. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi.
1996-cı il 22 iyun tarixində ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
Ümummilli lider Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərman müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratdı. Həmin Fərmanla, o cümlədən Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.
2002-ci il 9 aprel tarixində "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ulu öndərin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”- fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir",- deyən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərində ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır.
Dövlət başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”- deməsi də ölkə rəhbərinin gəncliyə olan böyük ümid, inam və arzularının çox səmimi ifadəsidir. Bu inamın nəticəsidir ki, hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər.
Bu gün Azərbaycan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf dövrünü yaşayır. Gənclərimiz Cənab Prezidentin tövsiyəsi əsasında öz bilik və bacarıqlarını genişləndirərək, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb ölkəmizin inkişafına töhfə verməkdədirlər. Cənab Prezidentin rəhbərliyi ilə gənclərin rifahına xidmət edən mühüm dövlət proqramları reallaşıb. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olub. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və mühüm uğurlar əldə edilib. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılır, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilir.
Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi gənclərin fəaliyyətin stimullaşdırılmasında növbəti mərhələ oldu.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da ölkə başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə təsdiq edilmiş sənədlər sırasındadır. Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu.
Dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq oldu.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında yaradılan Gənclər Fondu tərəfindən 4545 uğurlu layihə maliyyələşib ki, bu da gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların həyata keçirilməsində əhəmiyyətli rol ounayır.
2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də dövlət başçısnın gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biridir. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstərən öz nümayəndəlikləri vasitəsi ilə regionlarda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğində mühüm rol oynayıb. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”dəişləyənlərin mütləq əksəriyyəti gənclərdir.
Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət başçısı 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini özündə ehtiva edir.
Dövlətimizin gənclər siyasətinə uyğun olaraq gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilməsində də məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər".
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır". Müstəqil Azərbaycanın çiçəklənməsi, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində gənclərimiz səylə çalışaraq, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizi uğurlu gələcəyə aparan bu siyasətə dəstək verirlər.