Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb




Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.
Şamaxı rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər.
Konfransı açan rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu prosesləri və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. Qeyd edib ki, ölkəmizdə qədim tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl operativ tədbirlərin həyata keçirilməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Tahir Məmmədov son bir ayda Prezident İlham Əliyevin baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Şamaxıya iki dəfə gələrək sakinlərlə görüşünün geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb, rayonda dini durumun sabit olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin, o cümlədən gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verilməyə başlanıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, dövlət başçısı İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır, milli-mənəvi dəyərlərin geniş təbliğinə daim dəstək verir. Son illərdə ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının növbəti parlaq nümunəsi kimi səciyyələndirib. O, Fondun xətti ilə ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat alan mindən çox din xadiminə maddi dəstək göstərildiyini bildirib.
Ölkəmizdəki dövlət-din münasibətlərinin zəngin milli-tarixi ənənəyə əsaslandığını deyən Komitə sədri dövlətimizin din siyasətinin əsas məqsədinin dini etiqad azadlığının təmin edilməsi, dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması olduğunu vurğulayıb. İnsanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu bildirən Komitə sədri, bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində bütün bölgələrdə kompleks tədbirlərin həyata keçirildiyini söyləyib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev regionlarda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasında xüsusi rolunu qeyd edib.
Dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələrlə yekunlaşan konfrans işini martın 13-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az