Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib » Shirvanqazeti.az - Şirvan Qəzeti

Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib


Şamaxıda Şamaxı Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.

Tədbirin əsas məqsədi fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara çıxışını təmin etmək, yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etmək və sahədə dövlət-özəl tərəfdaşlığını gücləndirməkdir. Yarmarkada Şamaxı, Oğuz, Qobustan və İsmayıllı rayonlarından toxum istehsalçıları və şirkətlər iştirak edərək məhsullarını sərgiləyiblər.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stenddə ölkə üzrə sertifikatlaşdırılmış toxum nümunələri təqdim olunub. Mütəxəssislər fermerlərə bölgəyə uyğun buğda sortları — “Ləyaqətli-80”, “Yubiley-90”, “Qobustan”, “Gaudio”, “Maurizio”, “Lucilla” və arpa sortları — “Dəyanətli” və “Finola”dan istifadəni tövsiyə ediblər. Bu sortlar yüksək məhsuldarlığı və torpaq-iqlim şəraitinə uyğunluğu ilə seçilir.

Şamaxı Olimpiya Kompleksində keçirilən rəsmi açılış mərasimində rayonun aqrar potensialı, əkin balansında üzümçülük və taxılçılığın üstünlük təşkil etdiyi vurğulanıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və aidiyyəti qurumların rəhbərləri iştirakçıları Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar, dövlət dəstəyi mexanizmləri, aqrokimyəvi analizlərin rolu və sertifikatlaşdırılmış toxumlardan istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Festivalın sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar və ağıllı təsərrüfat sistemləri nümayiş etdirilib. Startap bölməsində isə aqrar startapçılar və süni intellektin tədris olunduğu universitetlərin tələbələri məhsul və prototiplərini təqdim ediblər.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
Şamaxı Kələxana Türbələr Kompleksi

Şamaxı Kələxana Türbələr Kompleksi

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az