YENİ AZƏRBAYCAN PARTİYASI-müstəqil, müasir və bütöv Azərbaycan reallığı


“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj idi.

YAP ÖLKƏNİN APARICI AVANQARD SİYASİ TƏŞKİLATIDIR VƏ İCTİMAİ-SİYASİ PROSESLƏRDƏ ƏSAS ROL OYNAYIR 
Bu partiya yarandığı gündən ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda vətəndaş cəmiyyətinin yaradılması, siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsi işinə mühüm töhfələr vermişdir.
Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.
 Əlbəttə, ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi.
1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi.Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Heydər Əliyev işləyib hazırlaya bilərdi.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdləri dəf edildi. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı olmaqla bərabər, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

XALQ-İQTİDAR BİR YUMRUQ KİMİ BİRLƏŞDİ VƏ CƏMI 44 GÜN ƏRZİNDƏ TARİXİ ƏDALƏTİ BƏRPA ETDİ
Prezident İlham Əliyevin söylədiyi kimi, xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Dövlət başçımız çıxışında həmçinin vurğulayıb ki, döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Həmçinin Azərbaycanın rəhbərliyi dövründə Qoşulmama Hərəkatı öz inkişafında keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsini yaşadı. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır. Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanı müdafiə etdilər.
Ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir.
Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.

YENİ AZƏRBAYCAN PARTİYASI HƏM İQTİDAR PARTİYASI KİMİ, HƏM DƏ ÖLKƏNİN HƏR BİR SAHƏSİNDƏ TƏMSIL OLUNAN PARTİYA KİMİ İQTİDAR-MÜXALIFƏT DİALOQUNA ÖZ TÖHFƏSİNİ VERMƏKDƏDİR
2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyalarının sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlər qurulması YAP-ın yerli təşkilatlarının gündəlik fəaliyyət təcrübəsinə daxil olmalıdır.
Partiyanın daha təkmil idarəetmə forması müəyyən olunmuşdur. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Partiyanın fəaliyyətinə müsbət təsir etmiş önəmli dəyişikliklərdən danışarkən qeyd etməliyik ki, qurultaydan sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.
2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur.
YAP-ın bütün sahələrində əsl peşəkarlıq, inamlı dövlətçilik, sadiq vətənpərvərlik öz təzahürlərini getdikcə genişləndirməkdədir. Bunlardan biri də YAP-ın beynəlxalq əlaqələrinin yeni vüsət alması, möhkəmləndirilməsi, ölkəmizin xarici siyasətinin uğurlu davamı kimi qeyd olunmalıdır. Azərbaycanın və Türkiyə Cümhuriyyətinin iqtidar partiyaları arasında uzun illər davam edən, gündən-günə çiçəklənən, yeni-yeni mərhələlərə qədəm qoyan dostluq və qardaşlıq təmayülləri öz bəhrəsini verməkdədir. Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və və İnkişaf Partiyası arasında uğurla davam edən birgə təşkilatçılıq tədbirləri hər iki təşkilatın liderləri arasında sarsılmaz qardaşlıq, dostluq münasibətləri getdikcə dinamik şəkildə inkişaf edir.
YAP-ın sədri, Prezident İlham Əliyevin demokratik dəyərlərə və milli maraqlara əsaslanan, həm də müasir yanaşma və metodları özündə bütün dərin məzmunu, intellekti ilə əks etdirən YAP-ın VII Qurultayında qəbul etdiyi 5 fəsildən ibarət olan Yeni Proqramda “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər vəHeydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapıb.
Proqrama əsasən YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar: Peşəkarlıq: YAP həm partiyanın üzvləri, həm də siyasi münasibətlərdə iştirak edən bütün tərəflər arasında əlaqələrin peşəkarlıq meyarına əsaslanaraq inkişafını təşviq edir; İşgüzar münasibətlər: Siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibətlərin dəstəklənməsi, eyni zamanda, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə də müsbət təsir etməkdədir; Şəxsi inkişaf: Müasir cəmiyyətlərdə fərdlərin inkişafını təmin edən və ömürboyu təhsil prinsipinin davamı olan şəxsi inkişaf mexanizmi YAP-ın partiyadaxili münasibətlərini tənzimləyən vasitələrdəndir; Sağlam rəqabət: YAP partiyadaxili münasibətlərdə sağlam rəqabəti, səmimiyyət, yoldaşlıq və qarşılıqlı hörməti, demokratik mühiti, şəxsi bacarıq və təşəbbüskarlığı təşviq edir. Sağlam rəqabət mühiti partiya üzvlərində demokratik düşüncə tərzini möhkəmləndirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır; Etik davranış və milli dəyərlər: YAP yüksək mədəniyyətin Azərbaycan xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili münasibətlərin təşkilində etik qaydaların və milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirir; İnnovativ inkişaf və kreativlik: Yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi və geniş tətbiqinin dəstəklənməsidir; Elmilik: Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir; Müasirlik: Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.
Effektiv nəticələrin əldə olunması naminə Proqramda YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.

ŞƏHİDLƏRİN ADLARI VƏ HƏRBİÇİLƏRİMİZİN QƏHRƏMANLIĞI UNUDULMAZDIR.
 Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 3 mindən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 7 mindən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidələrin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.

SOSİAL-HUMANİTAR TƏDBİRLƏR YENİ AZƏRBAYCAN PARTİYASININ ƏSAS FƏALİYYƏT SAHƏLƏRİNDƏNDİR
 Günümüzün aktual məsələsi olan şəhid ailələrinə, qazilər və aztəminatlı ailələrə yardım göstərilməsi, onların fərdi və sosial problemlərinin öz həllini tapması istiqamətində yerli təşkilatımız tərəfindən əməli işlər görülməkdədir.
2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərərçəkmiş ailələrə 1000 ədəd qatlanan çarpayı (yataq dəsti) verilmiş, evləri dağılmış 28 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirayə haqqı ayrılmışdır. “Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500 000 manat məbləğində vəsait köçürülmüşdür. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 2020-ci il ərzində ümumilikdə 500 000 manat vəsait köçürülmüş, tibb müəssisələrinə hər birindən 1000 ədəd olmaqla birdəfəlik kombinezon, maska-respirator və üz qoruyucu sipərlik təhvil verilmiş, 4000-dən artıq aztəminatlı ailəyə və kimsəsiz tənhalara ərzaq və şəxsi gigiyena vasitələri paylanılmışdır. Eləcə də, “Silahlı Qüvvələrə Yardım Fondu”na 2020-ci ildə 100 000 manat vəsait köçürülmüş, ön cəbhədə döyüşən əsgərlər üçün 14 700 manat məbləğində isti paltar və zəruri əşyalar alınmışdır. “YAŞAT” Fonduna isə 2020-ci ildə 100 000 manat vəsait köçürülmüşdür.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılandı. Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər.
Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirir, öz imkanları daxilində köməyini əsirgəmirlər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilmişdir.
Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyanın ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi.


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az