Heydər Əliyev və Azərbaycan ədliyyəsi


 Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib. Yeni yaradılan Xalq Ədliyyə Komissarlığının səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.
1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib. Lakin 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni təsdiq edilən Əsasnaməsi ilə bu qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib. Bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.
Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.
Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə də yadda qalmışdır. 
Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bu fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: “Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.
Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.
Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.
Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.
Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir.
Heç kəs şübhə etmir ki, ədliyyə işçiləri ulu öndərimzin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.

                           Malik Məlikov
               Qobustan rayon İcra və Probasiya Şöbəsinin rəisi
               Ədliyyə müşaviri




PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az