"HƏR ŞEY YAXŞI OLACAQ!"


-...Bu sözlərlə salona səslənir və ölümün heyət üzvlərini haqladığını bilirmiş kimi son anda, önə keçir və özünü həmkarlarına çatdırır. 
O səsdəki inamı, cəsarəti heç vaxt unutmaycağam. Faciə ilə göz-gözə gəldikləri bir vaxtda təmkinini itirməyən, sərnişinləri sakitləşdirməyə çalışan azərbaycanlı qız Hökümənin o sözləri, düşünürəm ki, səma şahilərimizin qürur, qorxmazlıq rəmzidir. 
2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm gününün elan olunması barədə Sərəncam imzaladı. 
"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirdi və ya xəsarət alanlar oldu. 
 ...Neçə müddətdir səmada qanadlarını gərib irəliyə uçan təyyarə görəndə içimdən bir üşüntü keçir. 
 Gözlərim göyüzündə qalır və onu qarabara izləyir, ta gözlərimdən itənə qədər diqqətimi səmadan çəkmirəm. Həmişə olduğu kimi, özündən əvvəl hava burulğanını yarıb gələn uğultu, bir qədər də mənə vahiməli kimi görünür. Amma çox keçmir, özümü toparlayıram və göyüzünün əsrarəngiz genişliyində fikrimi bürüyən qara rəngləri özümdən uzaqlaşdırmağa çalışıram. 
Həmin təyyarə qəzasında həlak olanların doğmalarını media nümayəndələrinə dedikləri sözlər sıxıntılı anlarımda daha çox mənə kömək olur. Bir azərbaycanlı kimi çəkdiyim iztiraba, dərdin ən böyüyünü çəkənin özü "əlimdən tutur".  Əslində, xalqımızı əsrlər boyu fəlakətlərdən, faciələrdən sınmağa qoymayan, onu ayaq üstə saxlayan, daha cəsarətli, daha inamlı edən, sabaha addımladan, yolundan dönməyə qoymayan, Vətənimizi qoruyub, hifz edən insanlarımızın xarakterindəki bu mətanət, bu yenilməzlikdir. 
Diqqət edin,- qəzada həlak olan Anarın atası Zöhrab Balayev nə deyib: 
"...Prezident İlham Əliyevin qəza qurbanlarının ailələrinə və yaralıların yaxınlarına göstərilən diqqət və dəstək haqqında açıqlamasını eşitdim. Bundan sonra dərhal əlaqədar qurumlara və qəza ilə bağlı məlumat almaq üçün müxtəlif yerlərə zəng etdim. Ailə üzvlərim ilə birlikdə çox çətin anlar yaşayırıq. Qəzada həyatını itirənlərin bəzilərinin yaxınları ilə də tanış oldum. Bu hadisədə yalnız övladımı itirməmişəm, eyni zamanda, bütün qurbanların ağrısını və acısını hiss edirəm." 
Diqqətimi daha çox çəkən məqamlardan biri də qəza zamanı ekipajın peşəkarlığı ilə bağlı dünya mediasında dərc olunan yazılar idi. Həmin vaxt hər kəs heyətin yüksək peşəkarlığından yazdı və onların ən optimal variant seçməklə xeyli insanın həyatını xilas etmiş olduqlarını xüsusi qeyd etdilər.   
"...İqor Kşnyakin çox bacarıqlı pilot və nümunəvi dost idi. Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük bir boşluq olacaq."
-Bu sözləri isə Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu İsfəndiyar Müslimov jurnalistlərə açıqlamasında söyləyib.
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarından biri Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub. Liseyin qəhrəman məzun haqqında sosial şəbəkədə paylaşımından isti sətirlər:
"Bu faciə təkcə ölkə üçün deyil, bizim üçün də şəxsi itkiyə çevrildi. Aleksandr arzularını gerçəkləşdirdi, pilot oldu və böyük uğurlar qazandı. Təəssüf ki, o, həyatdan çox erkən ayrıldı, lakin xidməti zamanı onlarla insanın həyatını xilas etdi.
...Kalyaninov tələbə olduğu illərdə liseyə Türkiyədən onun haqqında "Təşəkkür" məktubu göndərilib.
...Biz onu ağıllı, savadlı və mərd bir insan kimi tanıyırdıq. Hər dəfə uçan təyyarənin səsini eşidəndə Aleksandrı xatırlayacağıq. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk." 
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAl-a məxsus sərnişin təyyarəsinin qəzasından sağ çıxan Yekaterinburq (Rusiya) sakini Subxonkul Rəhimov kritik anda öz xidməti vəzifəsini mükəmməl yerinə yetirən, əzm və cəsarət nümayiş etdirən, "Hər şey yaxşı olacaq!" deyə son ana kimi xidməti və insanlıq borcunu yüksək peşəkarlıqla yerinə yetirən stüardessa Hökümə Əliyeva haqqında belə deyib:
“Pilotlara daha yaxın olan stüardessa dəhşətli vəziyyət olmasına baxmayaraq, çox möhkəm dayanırdı. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiya və vəzifələrini icra etdi. Onun verdiyi komandaya mən qulaq asıb oturacağa bərk söykəndim." 
Təyyarə qəzasında həlak olanlar arasında 13 yaşlı Məhəmmədəli Eqanov da vardı. Faciədən sonra məlum oldu ki, balaca Məhəmmədəli futbolçu imiş. "Gənclik"klubunda oynayırmış.
Əslində, bu dünyanın özü Məhəmmədəli üçün, yupyumruca bir top idi. Qəlbində özü kimi şirin, saf, xəyaları qədər geniş, əlvan arzuları vardı. Yenicə əl-ələ, könül-könülə səmaya qanad açmışdılar. Kim bilərdi ki... 
Əsrlər boyu neçə-neçə ağır faciələr yaşamış mərd xalqımız bu ağrı-acılarına özü məlhəm olacaq. Keçmiş olsun! Allahdan faciə qurbanlarına bir daha rəhmət, ailələrinə, doğmalarına səbr diləyirik.   


PAYLAŞ
Digər Xəbərlər
Şirvan TV
“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.

www.ShirvanQazeti.az © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Texniki dəstək: VipKadr.az